azia.az
azia.az

Referendum bitdi, yeni siyasi-iqtisadi mərhələ başladı

27-09-2016, 08:30

Referendum bitdi, yeni siyasi-iqtisadi mərhələ başladı
Prezident geniş islahatlar üçün mandat aldı

Obyektiv təhlilçilər belə hesab edir ki, əslində dövlət başçısı İlham Əliyevin hazırladığı konstitusiya dəyişiklikləri iqtidarda “siyasi devrimdir” və əsas etibarilə hakimiyyətin daxilində yenilənməyə hesablanıb; referendumdan sonra Azərbaycanda iki istiqamətdə ciddi islahatlar başlayacaq...

Sentyabrın 26-da keçirilən referendumun nəticələrinə görə Azərbaycan yeni siyasi-hüquqi konstitusiya dəyişikliklərinə “hə” dedi. Referendumun nəticələrinə görə, bundan sonra Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərərsə, prezident ali qanunverici orqanı buraxa biləcək. Yaxud Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyə namizədlərini iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təsdiqləmədikdə yenə parlamentin işinə yeni seçkilərə qədər son qoya bilər.

Konstitusiyaya edilən daha bir mühüm dəyişikliyə görə, prezidentliyə namizədlər üçün otuz beş yaş həddi də daxil olmaqla (Azərbaycanda 10 ildən artıq daimi yaşamalı və sair tələblər də daxil) konstitusiyadan çıxarılıb. Referendumun nəticələrinə görə, indən sonra prezident 5 il müddətinə deyil, 7 il müddətinə seçiləcək.

Referendumda Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması təklif edilirdi ki, bu da artıq qanuniləşdirildi. Qeyd edək ki, bundan sonra idarəetmədə birinci vitse-prezident və vitse-prezidentlər postu yaradılacaq. Bu vəzifələrə təyinat hüququnu da referendumun nəticəsinə görə prezident həyata keçirəcək.

Referendumda qanuniləşən daha bir mühüm dəyişiklik prezident vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası ilə bağlıdır. İndən sonra ölkə başçısının səlahiyyətlərinin birinci vitse-prezidentə, o olmadıqda vitse-prezidentə, daha sonra ardıcıllıqla baş nazirə, Milli Məclisin sədrinə keçəcək. İndiyədək ölkənin ikinci səlahiyyətli şəxsi baş nazir hesab olunurdu.

Qeyd edək ki, bu, 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasına edilən üçüncü dəyişiklikdir. Konstitusiyaya ilk dəyişiklik 24 avqust 2002-ci ildə, son dəyişikliklər isə 18 mart 2009-cu ildə həyata keçirilib. 2002-ci ildə konstitusiyanın 22 maddəsinə 31, sonuncu dəfə isə 29 maddəyə 41 əlavə və dəyişiklik edilib.

***
Ümumxalq səsverməsinə çıxarılan sadaladığımız dəyişikliklər ölkənin siyasi idarəetmə institutunda yeni bir mərhələ kimi qiymətləndirilir. Bəzi siyasi təhlilçilər və müxalifət Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərin iqtidarın “hökmranlığını uzatmağa” hesablandığını, hakimiyyət təmsilçiləri isə dövlətin “inkişafındakı yeniliklərin tələbi” kimi ortaya çıxdığını deyir.

Kimin hansı mövqedə haqlı olub-olmadığının indi bir o qədərdə əhəmiyyəti qalmayıb. Çünki sentyabrın 26-da açıqlanan rəsmi nəticələr onu deməyə əsas verir ki, Azərbaycan yeni hüquqi-siyasi mərhələyə qədəm qoyub. Aydındır ki, referendumdan sonra ölkədə hakimiyyət dəyişməyib, amma heç kimə sirr deyil ki, bu dəyişikliklər iqtidarın bütün alt və üst yapısında tezliklə özünü göstərəcək. Qərbdəki obyektiv təhlilçilər də belə hesab edir ki, əslində prezidentin hazırladığı bu layihə iqtidarda bir “siyasi devrimdir”. Yuxarıda sadaladığımız dəyişikliklər əsas etibarilə hakimiyyətin daxilində bir yenilənməyə hüquqi hazırlıq deməkdir. Əslində 26 sentyabrda İlham Əliyev xüsusilə yeni iqtisadi şəraitin diktə etdiyi komandanı formalaşdırmaq, ciddi siyasi-iqtisadi islahatları həyata keçirmək üçün seçicidən yenidən mandat aldı.

Prezidentin hakimiyyətdə və ölkədə mövqelərinin möhkəm olduğu faktdır - bunu Qərb də, müxalifət də etiraf edir. Amma belə görünür ki, bu dəyişikliklər üçün həm də hüquqi bazaya da ehtiyac yaranmışdı. Diqqət etsək, görərik ki, səsverməyə çıxarılan 29 maddədə xalqın hansısa hüququnu məhdudlaşdıran maddə yoxdur. Barəsində çox danışılan mülkiyyət hüququ ilə bağlı dəyişiklik də böyük ölçüdə harınlamış varlıların zəbt etdiyi yararlı torpaqların əllərindən alınması üçündür. Əgər söhbət prezidentlik müddətinin uzadılmasına da yönələrsə, burada da xalqı narazı salacaq nəsə tapmaq mümkün deyil. Xoşu gəlməzsə, prezidentliyə namizədə səsə verməz: fərqi yoxdur, prezidentlik müddəti 5, ya 7 ildir...

***

Təhlillər onu deməyə əsas verir ki, referendumdan sonra Azərbaycanda iki istiqamətdə ciddi islahatlar başlayacaq. Vitse-prezident institutunun yaradılması hakim komandada ciddi kadr dəyişikliyinin anonsu idi. Artıq bu təsisatlar var və təyinatlar da referendumun nəticəsi Konstitusiya Məhkəməsində təsdiqləndikdən sonra gerçəkləşəcək. Nazirlər Kabinetində ciddi ixtisarlardan tutmuş, icra hakimiyyətlərinin ləğvinədək gözləntilər var. Etiraf etmək lazımdır ki, Azərbaycan çətin iqtisadi dönəmi xalqın etimadını itirmiş məmurlarla davam edə bilməz. Bunu dövlət başçısından daha yaxşı bilən də yoxdur. Son bir neçə ayda dövlət başçısı bunu açıq dilə də gətirib, məmurları sərt şəkildə tənqid də edib. Bu səbəbdən referendumdan sonra hakimiyyətdə “qan dəyişimi” mütləq olmalıdır. Ehtimal etmək olar ki, yeni dövrün əsas ağırlığı da vitse-prezidentlərin üzərinə qoyulacaq ki, bu postda kimlərin təyinat alacağı böyük maraqla izlənməkdədir.

Bildirilir ki, 1-ci vitse-prezident əsas etibarilə iqtisadi komandanı kurasiya etməklə, islahatların həyata keçirilməsinə təhkim olacaq. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov açıqlamasında yeni iqtisadi dövrə necə mühüm əhəmiyyət verildiyini bir daha qeyd edib. Ə.Həsənov deyib ki, Azərbaycan postneft dövrünə hazırlaşırdı, ancaq belə tez bir zamanda postneft dövrünün gələcəyini gözləmirdi: “Buna müvafiq olaraq da prezident İlham Əliyev dərhal operativ, çevik islahatların keçirilməsi təşəbbüsünü irəli sürdü. Hazırda həmin islahatlar paketi qəbul olunub, islahat qatarı reysə buraxılıb. Bu iş üçün ölkənin bütün imkanları, həm inzibati, həm iqtisadi, həm də insan resursları səfərbər edilməkdədir. Ona görə də referendum təşəbbüsünün əsas səbəblərindən biri də Azərbaycanda postneft dövründə çevik iqtisadi islahatların keçirilməsi, effektli idarəçilik sisteminin yaradılması və mövcud bürokratik idarəçilikdəki bəzi mexanizmlərin aradan qaldırılmasıdır”.

Vitse-prezidentlərdən birinin də siyasi islahatların kurasiyasına cavabdeh olacağı gözlənilir. Bu da daha geniş bir sahədə - xüsusilə iqtisadi islahatların əngəllənməsinə şərait yaradan qanunların, nazirliklərin qanunsuz müdaxilələrinin, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsini əhatə edir.

Əvvəlki yazılarımızda da qeyd etmişdik ki, Azərbaycan hakimiyyəti ölkəmizin daxil olduğu regiondakı gərgin siyasi vəziyyətin tezliklə aradan qalxmayacağını, Qərbin “daxili məsələlərə” müdaxilə imkanlarının artacağını yaxşı bilir. Bu səbəbdən də referendumdan sonra Qərblə münasibətlərdə artıq nəzərə çarpan “yumşaq siyasət”in davam etdiriləcəyi gözlənilir. Ölkə daxilindən də siyasi münasibətlərə yeni yön veriləcəyi deyilir....

Beləliklə, 26 sentyabrdan sonra ölkə ciddi bir siyasi mərhələyə qədəm qoydu. Qarşıda görüləcək işlər çoxdur və bunun Azərbaycan üçün xeyirli olması üçün hamı çalışmalıdır...(musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi