Prezidentlərin avqust görüşü niyə reallaşmadı?
Ümidlər indi də sentyabra adlayır; ekspertlər Qarabağ məsələsində qeyri-müəyyənliyin davam edəcəyi təqdirdə payızda yeni hərbi eskalasiyanı istisna etmirlər; rusiyalı analitik: “Moskva Ermənistana təsir eləmək üçün yeni strategiya hazırlamalıdır...”
Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün davamı gəlmədi.
Xatırladaq ki, apreldəki 4 günlük müharibədən sonra reallaşan, Vyana görüşündən sonra sayca ikinci olan Peterburq görüşü problemin həlli ilə bağlı müəyyən ümidlər yaratmışdı. Hətta mərhələli həll planının artıq işə düşdüyünə əmin olan xeyli sayda ekspert var idi. ATƏT-in Minsk Qrupu həmsədrləri də bu xüsusda kifayət qədər optimist idilər.
Məhz bu optimizmdən çıxış edərək, danışıqlarda növbəti mərhələ kimi prezidentlərin avqust ayının sonu üçün Parisdə, ardınca isə ABŞ-da növbəti görüşlərinin keçiriləcəyi deyilirdi. Bundan öncə isə hazırlıq üçün iki ölkənin xarici işlər nazirləri bir araya gəlməli idilər. Lakin göründüyü kimi, Peterburq görüşünün üstündən 2 aydan çox ötməsinə baxmayaraq, avqust görüşü reallaşmadı. Bəs səbəb?
Sualın cavabı yəqin ki, 50 faiz münaqişə tərəfləri ilə bağlıdırsa, bir o qədər də yəqin ki, vasitəçilərin passiv mövqeyi ilə ilgilidir. O vasitəçilər ki, sülh danışıqlarında uğursuzluğa görə məsuliyyəti ara-sıra münaqişə tərəflərinin üzərinə qoymağa çalışırlar. Məsələn, Rusiya prezidenti Vladimir Putin ötən ayın əvvəlində, Bakıya səfəri ərəfəsində verdiyi müsahibəsində bəyan etmişdi ki, problemin həlli üzrə anlaşmanı ən əvvəl münaqişə tərəfləri əldə eləməlidir, Rusiya isə bu anlaşmaya qarant dura bilər.
Keçən həftə sonu isə ABŞ dövlət departamenti rəsmisindən bənzər açıqlama gəldi. Departamentinin sanksiyaların tətbiq edilməsi üzrə koordinatoru Daniel Frid “Amerikanın səsi” radiosuna müsahibəsində bildirdi ki, “Dağlıq Qarabağ probleminin mövcud olmasına baxmayaraq tərəflər özlərini çox rahat aparır”. Yəni əslində o da məsuliyyəti sırf Azərbaycan və Ermənistanın üstünə atdı, üstəlik, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoydu.
Sitata diqqət edək: “ABŞ uzun illər ərzində Qarabağ məsələsinin ədalətli həlli üçün səy göstərib. Biz Minsk Qrupu çərçivəsində Fransa və Rusiya ilə işləmişik. Şəxsən mən özüm dövlət katibinin köməkçisi vəzifəsində işləyərkən bu problemin həlli üçün çalışmışam. Məndən qabaq və sonra işləyənlər də buna cəhd göstərib. Lakin alınmır. Hər iki tərəfin hökumətləri mövcud vəziyyətdə qalmaq istədiklərini və ya real nizamlama prosesinə başlamaq istədiklərini müəyyən etməlidirlər. Ancaq problem bundadır ki, hər iki ölkənin hakimiyyəti Qarabağ münaqişəsinə baxmayaraq özlərini həddən artıq arxayın hiss edir, onlar uzunmüddətli deyil, qısa müddətli perspektivi düşünürlər. Tərəflər nə istədiklərinə qərar verməlidirlər. Əgər sülh istəyirlərsə, ABŞ kömək etməyə hazırdır”.
Göründüyü kimi, prezident Putinin, Rusiyanın yanaşmasına bənzər bir yanaşma ortadadır. Halbuki Ermənistanla Azərbaycan özləri heç vaxt ortaq dil tapa bilməz, çünki işğalçı ölkə müstəqil deyil, tamamilə Moskvadan asılıdır.
*****
Bəs Qarabağ ətrafındakı son durum yaxın perspektiv üçün daha çox nə vəd edir - sülh prosesində dönüş, yoxsa yeni hərbi qarşıdurma? Ekspertlər bu məsələdə çox da nikbin deyillər.
“Dağlıq Qarabağ probleminin tənzimlənməsi üzrə öncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, daha sonra isə prezidentlərin növbəti görüşü gözlənilir. Ancaq görüşün vaxtı, yeri və gündəliyi hələ məlum deyil. Rusiya xarici işlər nazirinin konkret təklifi var. Bunu Putinin də adına bağlayırlar”. Bu sözləri Rasim Musabəyov deyib (axar.az).
Onun sözlərinə görə, hazırda əsas məsələ sözügedən təkliflərin tərəflər üçün nə dərəcədə məqbul olması ilə bağlıdır: “Bütün bunların hamısı növbəti görüşlərdə dəqiqləşəcək. Düzdür, təkliflər verilib, ancaq bununla bağlı münasibət bəlli deyil. İndi bu münasibət müəyyənləşəcək. Mövqelər yaxınlaşdırıldığı halda düşünürəm ki, prezidentlərin görüşü hazırlanacaq. Yox, yaxınlaşdırılmadığı halda vəziyyət kifayət qədər mürəkkəbləşəcək. Danışıqlarda tərpəniş olmazsa, payızda vəziyyət gərginləşə bilər”.
*****
Yaxın perspektivdə sülh danışıqlarının məhsuldar olacağı ilə bağlı nikbinliyi tanınmış rusiyalı analitik, tarixçi alim Oleq Kuznetsov da bölüşmür. “İndiki anda İrəvanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi ərazilərdən könüllü şəkildə çıxacağını nə dərəcədə ehtimal eləmək olar, bu ərazilərin güc yolu ilə azad olunması ehtimalı artıbmı” sualına ekspert belə cavab verib: “Mənim tanıdığım ekspertlərin əksəriyyəti ermənilərin könüllü şəkildə Azərbaycanın 5 rayonunu de-işğalına gedəcəyini, faktiki, həll olunmuş hesab edirlər. Mən belə nikbinliyi bölüşmürəm. Ona görə ki, Ermənistanda prezident Serj Sərkisyandan savayı bu məsələ üzrə danışıqlarda iştiraka hazır olan real siyasətçilər görmürəm. İyulun ikinci yarısında Ermənistanda barışmaz ermənilər özlərini göstərdilər - hansılar ki, torpaqların bir qismini könüllü şəkildə qaytarmağın dərki baş qaldıran kimi hərbi qiyam qaldırmışdlar. Bunu demək lazımdır ki, Ermənistanın son 25 ildəki siyasəti ondan ibarət olub ki, yalnız hansısa şəkildə Qarabağ müharibəsində iştirak eləmiş və ya Azərbaycan ərazilərindəki işğalçı hərbi birləşmələrdə xidmət etmiş şəxslər hakimiyyətə buraxılsın. Bu adamlar hazırda respublikadakı siyasətçilərin əsas qatını təşkil edir. Onlar üçün işğal edilmiş ərazilərdən çıxmaq psixoloji cəhətdən qəbuledilməzdir. Bu səbəbdən Ermənistanın siyasi isteblişmenti bu məsələnin dinc yolla həllinə hazır deyil. Müvafiq sənədlər imzalananadək, geri buraxılan əraziləri Azərbaycan ordusu öz nəzarətinə götürənədək və dinc azərbaycanlı əhali öz yurd yerinə qayıdanadək şəxsən mənim üçün ərazilərin könüllü şəkildə azad ediləcəyi sualı açıq qalacaq”.
Analitikə görə, Qarabağa dair sülh nizamlanması prosesi yolun lap başlanğıcındadır. “Bu məsələdə praktik müstəvidə hansısa ciddi irəliləyiş yoxdur. Yaxın zamanlarda da, fikrimcə, gözlənilmir. Danışıqların əsas moderatoru kimi, faktiki şəkildə Minsk Qrupunun bütün səlahiyyətlərini almış Rusiya özü üçün Ermənistanın siyasi elitasına təsir eləməkdən ötrü müəyyən yeni strategiya hazırlamalıdır. Bu təsir də erməniləri danışıqlarda hansısa irəliləyişə məcbur etməlidir. Məcburiyyət vasitəsi kimi təbii ki, Rusiya ərazisindəki erməni biznesinə təsir seçilə bilər. Bu, Ermənistan daxili situasiyaya təsir göstərmək üçün çox ciddi rıçaqdır - ki, Rusiya, hər halda, Cənubi Qafqazın bu regionunda öz sülhməramlı funksiyasını yerinə yetirə bilsin”, - deyə ekspert sonda belə bir təkliflə çıxış edib.
*****
Lakin Qarabağ məsələsində irəliləyiş məsələsində nikbin düşünən siyasi ekspertlər də var. Məsələn, Kremlin “danışan dil”lərindən biri sayılan politoloq Aleksandr Duqin hesab edir ki, nizamlama prosesində məhz Rusiyanın təşəbbüsü ilə tezliklə irəliləyiş əldə oluna bilər. O, eyni zamanda erməniləri qeyri-konstruktiv mövqe tutmaqda və Moskvaya qarşı naşükürlükdə ittiham edib.
Sitat: “Müşahidələrimə görə, ermənilər bir çox məsələlərə qeyri-real münasibət bəsləyirlər. Rusiya onlara verdikcə, onlar yenə daha çox tələb edirlər. Ermənistan siyasətçilərində reallıq çatışmır. Onlara elə gəlir ki, Rusiya onlara daim borcludur. Bu gün ermənilər anlamır ki, Rusiyanın hesabına Dağlıq Qarabağın erməni əhalisi mövcudluğunu davam etdirir. Moskva İrəvandan tələb edir ki, onun strateji maraqlarını nəzərə alsın. İrəvan Moskvanın milli maraqlarını nəzərə almalıdır, onların başqa yolu yoxdur. Lakin onlar nə edir? Teatr qurub, isterikaya qapılıb ağlamağa başlayırlar. Mən bunu Rusiyada yaşayan ermənilərə da şamil etmək istərdim. Bu gün Rusiyanın marağı ilk növbədə Azərbaycanla yaxınlaşmaqdır. Moskva İrəvanla münasibətlərə ziyan vurmadan Bakı ilə yaxınlaşmaq siyasəti yürüdür. Bu, Kremlin birmənalı və sərt mövqeyidir. İlkin olaraq Dağlıq Qarabağ ətrafındakı beş rayon, daha sonra iki rayon qaytarılmalıdır. Növbəti mərhələdə isə Dağlıq Qarabağın statusu məsələsi müzakirə olunmalıdır. Rusiya üçün regionda müharibə qəbuledilməzdir. Məhz 90-cı illərdə Dağlıq Qarabağda baş verən müharibəyə görə Moskva ilə Bakı münasibətləri müttəfiqlik səviyyəsinə yaxınlaşmayıb. Ona görə də Kreml qısa müddətdə bu problemi həll edərək Bakı ilə daha çox yaxınlaşmaq istəyir. Bakı ilə Moskvanın yaxınlaşması Dağlıq Qarabağın sonsuz müddətdə Azərbaycanın tərkibində ”de-yure", olmasını təmin edəcək. Ermənilərin bu plana qarşı olmasına baxmayaraq, Moskva ilə Bakının yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həlli tarixini daha da yaxınlaşdıracaq. Regionun rifahı üçün Rusiya-Azərbaycan strateji ittifaqı qaçılmazdır. Bunu hər iki ölkə yaxşı anlayır".
Polİtoloq daha sonra ermənilərin ürəyini bir az da üzərək deyib: “Rusiya-Azərbaycan-Türkiyə-İran dördlüyü də Dağlıq Qarabağ münaqişəsinin, o cümlədən Yaxın Şərqdəki problemin nizamlanmasında həlledici rola malikdir. Bu dördlük Qərbin qorxulu yuxusudur. Ona görə də Qərb əlindən gələni edəcək ki, bu dördlüyün arasında daim fikir ayrılığı olsun”. O, “Lavrov planı”nın bu ilin sonuna yaxın, gələn ilin əvvəlindən tam sürətlə həyata keçirilməsinə başlanılacağını da deyib.
*****
Göründüyü kimi, yaxın perspektivdə Qarabağda sülh və müharibə mövzusunda təxminlər birmənalı deyil. Hansı ehtimalların real olacağını isə yəqin ki, payızda biləcəyik. (musavat.com)