Prezidentin nazir təyin etdiyi Rəşad Nəbiyev kimdir? - DOSYE
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Azia.az xəbər verir ki, Rəşad Nəbiyev bu vəzifəyə qədər "Azərkosmos” ASC-nin sədri olub.
26 avqust 1977-ci ildə anadan olan Rəşad Nəbiyev 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.
2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışmışdır.
24 yanvar 2011-ci ildən "Azərkosmos” ASC-nin sədri vəzifəsini icra edir.
1994-2000-ci illərdə Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.
Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə "Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.