“Ramiz Mehdiyev və Əli Həsənovun mafiyaları” – SENSASİON AÇIQLAMA
“Bir neçə gün bundan əvvəl bir videonu izlədim, sonra onun ətrafında bəzi araşdırmalar apardım və dəhşətə gəldim. Tam səmimi deyirəm, bəzi “jurnalistlər”in, “ictimai fəalları”ın dələduzluqlarını bilirdim, ancaq bu qədər geniş, murdar, mafiya şəklini almasından, miqyasından xəbərim olmayıb. Özüm-özümə tez-tez təskinlik verirdim ki, Rusiyanın təsir dairəsində olsaq da, bizdə “bandit” dəstələri, mafiyalar yoxdur, qanuni oğrular at oynatmırlar. Ancaq araşdırmalarım nəticəsində gördüm ki, bizdə olan bəzi jurnalist, ictimai fəallar adı altında gizlənmiş “banditlər” Rusiyadakından da təhlükəlidirlər, çünki bunlar öz əməllərini siyasi, ictimai fəaliyyətləri altında çox mahir şəkildə pərdələnməklə aparırlar. Bu “bandit”lərin bəziləri fəxri adlar, dövlət mükafatları alıblar, ölkədə ictimai fiqur kimi tanınıblar və sanki dövlət içində bir dövlətdirlər”.
Busaat.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
“Gördüyüm videoda bir bandit dəstəsi o birisini ifşa edir və bunu o qədər məharətlə edirlər ki, sadə vətəndaş əsla baş çıxarda bilməz, haqqın haqsızlığa qarşı mübarizə apardığını zənn edər. Bu iki dəstənin əməllərini araşdıran olsa aydın olacaq ki, dava yorğan davasıdır. Görünür ki, bir mafiya o biri mafiyanın nüfuz dairəsinə girib. Ən dəhşətlisi də odur ki, hər iki mafiya vaxtilə Ramiz Mehdiyev və Əli Həsənov dəstəsi tərəfindən yaradılıb, idarə edilirdi. İndi də yenə patronlarının rəğbətini qazanmaq üçün bir-birinin ifşasına girişiblər. Bunların kimliyini bilmək üçün peşəkar olmağa ehtiyac da yoxdur, sadəcə, onların idarəçiliyində olan sosial şəbəkədəki səhifələrini, qəzet, internet TV və saytlarını izləmək kifayətdir. İndi başa düşdüm ki, nə üçün vətəndaşlar heç kimin maddi maraqları olmadan ictimai fəaliyyət göstərmələrinə inanmırlar. Bunlar insanlarda inam hissini tamam öldürüblər. Onların ifşası da çox çətindir. Hər birinin əlində bəzən sifarişlərini yerinə yetirdikləri bossları haqqında kifayət qədər ifşaedici materialları var. Bunları ifşa etmək, siyasi, ictimai həyatdan silmək bandit dəstəsinin öhdəsindən gəlməkdən də çətindir”.