“Jurnalistin yazdığından xoşlanmaya bilərsən, amma o, sənin arzuladığını deyil, doğruları yazmalıdır"
Vətən müharibəsidir. Çətin, eyni zamanda qürur dolu günlər yaşayırıq. "Dost dar gündə tanınar"-ifadəsi elə bu günümüz üçün ölçülüb-biçilib sanki. Bizim üçün dost da, düşmən də elə bu günümüzdə seçilir. Hər kəsin tutduğu mövqe onun dost, ya da düşmən olduğunu açıq-aşkar ortaya qoyur.
Haqqın deyil, nahaqqın yanında olanların ya şəxsi maraqları var, ya da "satılıblar". Haqqın yanında olub, onun haqq səsini də dünyaya çatdıranların "səsini boğmaq" elə öz maraqları üçün çalışanların və satılmışların işidir.
Elə bu yaxınlarda Fransanın "TF-1" kanalının oktyabrın 17-də erməni vandalizminin törətdiyi "Gəncə terroru" haqqında gerçəkləri təqdim etdikdən sonra təzyiqlərə məruz qalması Fransanın Azərbaycana qarşı necə qərəzli mövqe tutduğunu bir daha ortaya qoyur.
Erməni lobbisinin güclü olduğu Fransa doğrudan da, demokratik ölkədirsə, mətbuat azadlığını boğmamalı, dövlətinin qərəzli çıxışlarını mətbuata təzyiq göstərərək büruzə verməməli idi.
Heç kimə sirr deyil ki, izləyicilərinə həqiqətləri çatdıran "TF-1" təzyiqlərə məruz qalan telekanal deyil. Buna görə ayrı-ayrı məşhur KİV-də təqib və təzyiqlərə məruz qalır. Bəziləri isə jurnalistika prinsipi və etikasına zidd şəkildə, birtərəfli mövqe sərgiləyirlər.
Bu məsələ barədə “Azia.az”a danışan media eksperti Zeynal Məmmədli diqqətə çatdırıb ki, bu cür hallar çox olur və belə davam etsə, analoji hadisələrin sayı çoxalacaq:
“Biz onları bir məqamda qınaya bilərik, yəni sən jurnalistdən narazı ola bilərsən, onun yazdığından xoşlanmaya bilərsən.
Amma jurnalist sənin arzuladığını deyil, doğruları yazmalıdır. Onun peşə borcudur ki, doğruları çatdırsın. Bu, birinə xoş gələr, başqasına isə naxoş.
Lakin jurnalistə qarşı nifrət kampaniyaları yaratmaq, onları hədələmək, eyni zamanda çalışdığı quruma müxtəlif təzyiqlər göstərmək qəbuledilməzdir.
Bu gün kiminsə nüfuzu, maddi imkanı varsa, həmin jurnalistin yazısını və ya videosunu həmin saytdan sildirmək, onu işdən qovdurmaq və hətta ölümlə belə hədələmək mümkündür.
Amma jurnalisti qorumaq üçün aidiyyəti qurumlar mütləq fəaliyyət göstərməlidir. Jurnalistin təqib və təzyiqlərdən qorxmaması üçün həmin qurumlar onu müdafiə etməlidir. Əks halda bu çox pis forma alar və həmin hədələr gerçəkləşə bilər. Daha sonra jurnalistlər konfliktlərlə bağlı doğruları yazmaqdan çəkinər. Və bu da, şübhəsiz ki, biz və bizim kimi ölkələr üçün mənfi xarakter daşıyar".
Ekspert, həmçinin Fransada yaşayan ermənilərin və diasporlarının da bu ölkəyə təsir göstərdiyini vurğulayıb:
"Rəsmi Parisi fransız xalqından ayırmaq lazımdır.
Fransada çox böyük erməni diasporu var. Onların saylarının çoxluğu və maliyyə bazaları da Fransada üstünlük təşkil edir. Bu halda onların ictimai rəyə təsir etmək gücləri olur. Və şübhəsiz ki, rəsmi Paris də, orada yaşayan ermənilər də, müxtəlif xristian ölkələri də onları dəstəkləyir".