azia.az
azia.az

İlham Əliyev Paşinyanın qarşısında şərt qoydu: Ya savaş meydanında əzilmək, ya da...

30-10-2020, 01:06


Cənubi Qafqaz öz tarixinin ən taleyüklü günlərini yaşayır. Belə ki, hazırda bu regionun gələcək taleyində önəmli rol oynaya biləcək önəmli bir tarixi mərhələyə start verilib. Və bu mərhələ üzrə geopolitik proseslər artıq özünün kulminasiya nöqtəsinə doğru yaxınlaşmağa başlayıb.
İlham Əliyev Paşinyanın qarşısında şərt qoydu: Ya savaş meydanında əzilmək, ya da...
Təbii ki, hər şey kənardan göründüyü kimi, asan və rəvan deyil. Çünki bu regionda bəzi nəhəng dövlətlərin maraqları mövcuddur. Üstəlik, bu maraqlar bir çox məqamlarda kəskin şəkildə toqquşur.

Ona görə də, bəzi beynəlxalq güclər hazırda Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslərin məzmun və istiqamətlərindən o qədər də məmnun deyillər. Bu səbəbdən də həmin beynəlxalq güclər Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərin istiqamətlərini öz maraqlarına uyğun şəkildə dəyişməyə də cəhd göstərirlər.

Buna misal kimi, Azərbaycan ərazilərini son 30 ilə yaxın bir müddətdə işğal altında saxlayan Ermənistana beynəlxalq səviyyədə verilən haqsız dəstəyi göstərmək olar. Məsələn, Ermənistan Azərbaycanın savaş bölgəsindən uzaqda olan, heç bir hərbi obyektin yerləşmədiyi dinc yaşayış məntəqələrini reaktiv atəş sistemləri ilə raket zərbələrinə məruz qoyur. Onlarla insan – uşaqlar, qadınlar və qocalar həlak olur. Yüzlərlə insan yaralanır.

Ancaq bunun qarşılığında rəsmi İrəvana törətdiyi bəşəri hərbi cinayətlə bağlı demək olar ki, heç bir irad bildirilmir. Hətta dünyanın aparıcı media qurumları belə, Ermənistanın hərbi cinayətlərinin dəhşətli nəticələrinə öz səhifələrində yer ayırmağa həvəs göstərmir.

Təbii ki, bu, Ermənistanın daha da barbarlaşmasına münbit şərait yaradır. Dünya ictimaiyyətinin heç bir qınağı ilə üzləşməyən Paşinyan hakimiyyəti bir-birinin ardınca yeni-yeni hərbi cinayətlərə əl atır. Və bu reallıq beynəlxalq hüquq sisteminin artıq çökmə mərhələsinə qədəm qoymasının ən bariz nümunəsidir.

Bununla belə, Ermənistanın törətdiyi hərbi cinayətlərin tamamilə cəzasız qaldığını iddia etmək də ədalətsizlik olardı. Çünki bu cinayətlər beynəlxalq hüquq sistemi tərəfindən diqqətə alınmasa da, Azərbaycan ordusu öz nəzərindən qətiyyən qaçırtmır.

Əksinə, Paşinyan hakimiyyətinin hər bir hərbi cinayətindən sonra Ermənistan ordusu savaş meydanında ağır zərbələrlə üzləşir. Azərbaycan ordusu Paşinyan hakimiyyətinin hərbi cinayətlərini Ermənistanın işğalçı quldur dəstələrini savaş meydanında sərt şəkildə cəzalandırmaqla cavablandırır.

Halbuki bəşəri hərbi cinayətlərə reaksiyanın verilməsi beynəlxalq qurumların birmənalı şəkildə borcudur. Həmin qurumlar Ermənistanın savaş bölgəsindən uzaq Azərbaycan şəhərlərinin dinc əhalisinə qarşı hərbi cinayətlərini müzakirə etməyə və rəsmi İrəvana qarşı adekvat beynəlxalq sanksiyaların tətbiq edilməsini qərarlaşdırmağa borclu idilər.

Azərbaycan Prezidenti İlham Əliyev də özünün xarici media qurumlarına müsahibələrində nüfuzlu beynəlxalq qurumların bu səssizliyini qınayıb. Azərbaycan Prezidenti dəfələrlə israrla vurğulayıb ki, Ermənistanın törətdiyi hərbi cinayətlər bu ölkəyə qarşı beynəlxalq sanksiyaların tətbiq olunması üçün tamamilə əsas verir: “Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi təcavüzkarı daha da azğınlaşdırdı. Ermənistana hansı sanksiyalar tətbiq edilə bilərdi? O sanksiyalar ki, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxartmağa məcbur etsinlər. Məsələn, İraq Küveyti işğal edəndən sonra İraqa qarşı tətbiq edilmiş sanksiyaları götürmək olar. Belə bir mövqeyə üstünlük verildi ki, təki vəziyyət daha da kəskinləşməsin, gəlin, hər şeyi olduğu kimi saxlayaq. Azərbaycan bu vəziyyətlə sonsuza qədər barışa bilməzdi”.

Ancaq bunun əksinə olaraq, Ermənistan cəzalandırılmır, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, hətta ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyası ilə əldə olunmuş atəşkəs rejimini də kobud şəkildə pozmaqda davam edir. Üstəlik, buna paralel olaraq, hər dəfə dünyanın nüfuzlu qurumlarına, dövlət başçılarına yalvararaq, savaşın dayandırılmasına dəstək göstərilməsini xahiş edir.

Halbuki rəsmi Bakı savaşın dərhal dayandırılmasının mümkün olduğunu artıq dəfələrlə bəyan edib. Sadəcə, bunun üçün Prezident İlham Əliyevin yerinə yetirilməsi olduqca asan olan şərtlərinin qəbul edilməsi lazımdır: “Ermənistan atəşkəs rejimini artıq üçüncü dəfə kobud şəkildə pozaraq, azad edilmiş əraziləri yenidən işğal etməyə cəhd göstərir, prosesi qarşıdurmanın davamına doğru yönəldir. Münaqişənin həlli lə bağlı Azərbaycanın prinsipial mövqeyi – hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. İşğal altında olan bütün ərazilər azad olunmalı, Ermənistan ordusunu geri çəkməli və zəbt etdiyi torpaqlardan çıxmalı, ondan sonra siyasi nizamlama prosesinə keçmək olar”.

Göründüyü kimi, sülh istəyən dövlət Azərbaycan Prezidentinin bu şərtlərini hətta bir həftə içərisində yerinə yetirə bilər. Ancaq görünən odur ki, rəsmi İrəvanın sülh danışıqlarına başlamaq kimi niyyəti yoxdur.

Buradan belə nəticə çıxartmaq olar ki, Paşinyan hakimiyyəti həm Azərbaycanın ərazilərini işğal altında saxlamaq istəyir, həm də rəsmi Bakının savaş qərarının qarşısının alınmasına nail olmağa çalışır. Yəni vəziyyəti yenə də dolaşdırıb, Dağlıq Qarabağ münaqişənin həm hərbi, həm də sülh danışıqları yolu ilə həlli proseslərini eyni vaxtda dalana dirəməyə can atır.

Təbii ki, belə vəziyyət ilk növbədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəsliyyətinə ehtiyacın qalıb-qalmaması məsələsini ciddi şübhə altına salır. Belə ki, Ermənistanın bir tərəfdən “atəşkəs” deyib yalvarması, digər tərəfdənsə, əldə olunmuş razılaşmaları qüvvəyə mindikdən dərhal sonra kobud şəkildə pozması Minsk Qrupu həmsədrlərinə – ABŞ, Rusiya və Fransaya qarşı açıq hörmətsizlikdir, onları ciddi şəkildə nüfuzdan salır.

Çünki indiyə qədər Rusiya, Fransa və ABŞ-ın ayrı-ayrılıqda müdaxiləsi ilə artıq üç dəfə “humanitar atəşkəs” elan edilib. Ancaq bu üç “humanitar atəşkəs”in hər birisi qüvvəyə mindikdən dərhal sonra Ermənistan tərəfindən pozulub. Və bu, həmsədrlərin vasitəçilik missiyasının bundan sonra effektiv olmayacağını göstərir.

Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev bu reallığı artıq bir neçə dəfə xüsusi olaraq, vurğulayıb: “ATƏT-in Minsk Qrupu münaqişənin nizamlanması istiqamətində müəyyən cəhdlər göstərsə də, səmərəlilik, nəticəlilik baxımından özünü doğrultmadı. Minsk Qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq, siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi”.

Göründüyü kimi, Azərbaycan Prezidenti də Ermənistanın ənənəvi davranışlarından sonra Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin faydalı olacağına o qədər də əmin deyil. Ona Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini yeni mərhələyə çıxartmaq üçün yeni vasitəçilik formatı təklif edir.

Heç şübhəsiz ki, təklif olunan Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan arasında sülh danışıqları formatı indiki situasiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ən optimal variant sayıla bilər. Sadəcə, Ermənistanın seçim etməsi lazımdır: Bu düşmən ölkə ya savaş meydanında tam məğlub olub, əziləcək, və yaxud da konstruktiv mövqe tutmaqla, sülh danışıqlarında reallığı qəbul edərək, öz gələcəyini xilas edəcək. İndiki situasiyada Ermənistan üçün üçüncü variantın ola biləcəyi qətiyyən inandırıcı görünmür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi