Bu gün Od çərşənbəsidir
Azia.Az-ın məlumatına görə ilin axır çərşənbələrindən ikincisi olan Od çərşənbəsi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır.
Novruz bayramı öncəsi qeyd edilən 4 çərşənbə axşamı tonqal qalansa da, Od çərşənbəsinin özünəməxsus xüsusiyyətləri var. Bu gün məhz Od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının daha spesifik özəlliyi var.
Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi qazanlar qaynamalı, insanların ocağının üstü boş qalmamalıdır.
Tədqiqatçılar Od çərşənbəsini qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan atəşpərəstlik dini ilə bağlayırlar. Çünki Zərdüşt tərəfindən yaradılan Avesta kitabındakı odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix boyunca özünü güclü şəkildə göstərib. Hətta Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşgah da buna əyani misaldır.
Hər evin və binanın qarşısında tonqal qalanması həmin ilin isti, bərəkətli keçməsinə nişanədir.
Od çərşənbəsi hamı müxtəlif xörəklər bişirməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. İnsanların inancına görə, bu, süfrənizin bollu, bərəkətli olması, ilinizin şirin və sevinc dolu keçməsinə səbəb olur.