Bakıda məmuru güllələyən killer tutuldu
Məmur qadının sifarişi ilə güllələnib.
İki gün əvvəl Bərdə rayon sakini Hüseyn Qasımova avtomat silahdan atəş açaraq xəsarət yetirən şəxs tutulub. Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynli olduğu müəyyən edilib və o saxlanılıb. Onun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evə baxış keçirilərkən mənzildən “AKM” markalı silah, 22 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.
Ətrafında aparılmış tədbirlərlə R.Hüseynlinin həmin cinayəti paytaxt sakini Günel Süleymanovanın sifarişi ilə törətməsi, habelə açdığı atəş nəticəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mühafizə otağının pəncərə şüşəsinə və Bakı şəhər sakini Xəzər Cəfərzadəyə məxsus “Niva” markalı avtomobilə ziyan dəyməsi də müəyyən edilib.
Həyata keçirilən tədbirlərlə cinayətin sifarişçisi G.Süleymanova da tutulub. Hazırda onun Hüseyn Qasımovu hansı məqsədlə öldürtmək istədiyi araşdırılır.
Hadisə aprel ayının 11-də Binəqədi rayonu, Cavadxan küçəsində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə üzbəüz yaşayış binasının qarşısında qeydə alınıb.
Naməlum şəxs avtomat silahdan 43 yaşlı Qasımov Hüseyn Əli oğlunu güllələyib. Nəticədə Hüseyn Qasımov güllə yaraları alıb və ətrafdakı şəxslər tərəfindən xəstəxanaya çatdırılıb.
Onun həyatını xilas etmək mümkün olub. Atılan çoxsaylı güllələrdən bir neçəsi yol kənarında park edilmiş “Niva” markalı avtomobilə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin gözətçi otağına dəyib.
Ötən gün isə Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən atışma ilə bağlı araşdırmaya başlayıb.