"Mobil Laboratoriya"nın təqdimat mərasimi keçirilib!
Azərbaycan Dövlət Aqrar Universitetində "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının təşkilatçılığı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi və Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə start götürən "Mobil Laboratoriya" layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbir zamanı ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov layihə iştirakçılarını salamlayaraq torpaqlarda məhsuldarlığın artımına, yüksək keyfiyyətin əldə edilməsinə nail olmaq üçün laboratoriyalardan istifadənin vacibliyini qeyd edib, universitet rəhbərliyi adından layihə iştirakçılarına uğurlar arzulayıb.
"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının sədri Sarvan Cəbrayılzadə çıxış edərək Aqrar İnkişaf Könüllülərinin yarandığı gündən fermerlərin yanında olduğunu, onlara ən yüksək səviyyədə dəstək olmağa çalışdığını bildirib. Təşkilatın sədri "Mobil Laboratoriya" layihəsinin də bu məqsədlərdən yaranan layihə olduğunu qeyd edərək bu layihənin digər başlıca məqsədinin ölkədə innovativ və əvvəlcədən laboratoroji məlumatlı əkinin təbliğinə dəstək olmaq, könüllülər vasitəsilə fermerlərimizin maarifləndirilməsini təmin etmək olduğunu, layihənin ilkin olaraq 3 pilot regionda Gəncə, Lənkəran və Şəkidə fəaliyyət göstərən könüllülər tərəfindən icra olunacağını vurğulayıb. Daha sonra çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşı, layihə rəhbəri Zöhrə Məmmədova layihənin fermerlərə gübrələrdən düzgün istifadə etmək, torpaqlarda məhsuldarlığın artımına nail olmaq üçün laboratoriyalardan istifadənin vacibliyini aşılayacağını bildirib.
Qeyd edək ki, layihə iştirakçıları yeni olan cihazların istifadəsi haqqında daha ətraflı məlumatları Abşeron Regional Mərkəzinin Aqrokimya mütəxəssisləri tərəfindən keçiriləcək təlimlərdə öyrəndikdən sonra əkin sahələrində torpaqların müxtəlif keyfiyyət uyğunluqları üzrə analizlərini aparacaqlar.