azia.az
azia.az

Hüquqi şəxslərin dövlət qeydiyyatı cəmi 1 prosedurla 20 dəqiqə ərzində həyata keçiriləcək

22-01-2019, 17:33

Hüquqi şəxslərin dövlət qeydiyyatı cəmi 1 prosedurla 20 dəqiqə ərzində həyata keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hüquqi şəxslərin onlayn dövlət qeydiyyatı sahəsində mühüm islahatların aparılmasına dair bir sıra qanunvericilik aktlarına dəyişiklikləri 2018-ci il 28 dekabr tarixində təsdiq edib. 2019-cu ilin əvvəlindən tətbiq olunan bu dəyişikliklərin mahiyyəti və məqsədləri ilə bağlı yanvarın 22-də Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirilib.
Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov yeni onlayn qeydiyyat sistemi barədə məlumat verib. Bildirilib ki, bu islahatlar nəticəsində hüquqi şəxslərin cəmi bir prosedurlaonlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Belə ki, cari ilin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür. Qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, eləcə də qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub.
Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyə azaldılmış, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilmişdir.
Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kodla indentifikasiyadan keçəcəklər. Qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil ediləcək və bir prosedurla sənədlər təsdiqlənməklə VÖEN (Vergi ÖdəyicisininEyniləşdimə Nömrəsi) verilmə prosesi yekunlaşacaqdır. Həmin prosedur çərçivəsində avtomatik olaraq əmək müqaviləsi bildirişləri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilməsi, vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, ona bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi təmin ediləcək.
Hüquqi şəxslərin dövlət qeydiyyatı cəmi 1 prosedurla 20 dəqiqə ərzində həyata keçiriləcək
Xüsusilə qeyd olunub ki ki, yeni qeydiyyat sisteminə əsasən qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndəriləcək və bu sənədlərin kağız daşıyıcılardagötürülməsinə zərurət olmayacaqdır. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodlaşifrələnməklə onların rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib.
Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə “İnternet Vergi İdarəsi”ndə “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı” (elektron imza olmadan) Təlimatı yerləşdirilib.
Bu addım vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan son dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir. Aparılmış islahat ölkəmizin “DoingBusiness” hesabatında mövqelərinə də müsbət təsir edəcəkdir. Hazırda “DoingBusiness 2019” hesabatında Azərbaycan “Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir.
Tədbirdə KİV nümayəndələrinin sualları cavablandırılıb.

Media və Kommunikasiya Mərkəzi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi