Nazir: “Qaçaq mal”ın satış payı dəfələrlə azalıb
Vergilər Nazirliyində ticarət fəaliyyəti ilə məşğul olan aparıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Vergi Məcəlləsində edilmiş dəyişikliklər, ticarət sektoruna dair qanunvericiklikdə təsbit edilmiş yeni tələblər, vergi uçotunun şəffaflaşdırılması və mal dövriyyəsinin sənədləşdirilməsi, dövriyyələrin və əmək münasibətlərinin leqallaşması ilə bağlı məsələlər müzakirə edilib.
Azia.Az xəbər verir ki, tədbirdə çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar barədə məlumat verərək bildirib ki, Vergilər Nazirliyi vergi orqanları ilə vergi ödəyiciləri arasında şəffaf münasibətlərin qurulması ilə bağlı açıq siyasət həyata keçirir.
O, “kölgə iqtisadiyyatı”nda fəaliyyət göstərməyin düzgün və davamlı yol olmadığını, “ikili” hesabatlığın təkcə vergitutma baxımından deyil, həm də müəssisələrin hesabatlılığı, kapitallaşması, investisiya cəlb etməsi və bank resurslarına çıxışı baxımından da çətinliklər və məhdudiyyətlərə səbəb olduğunu diqqətə çatdırıb.
Bu praktikaların və davranışların, o cümlədən əmək münasibətlərinin rəsmiləşdirilməməsi, gəlirlərin gizlədilməsi, əmək haqlarının reallıqda olduğundan aşağı göstərilməsinin təkcə dövlət üçün deyil, vətəndaşların sosial hüquqları baxımından ciddi çətinliklər yaratdığını qeyd edib.
Nazir ticarət sektorunun ÜDM-in formalaşmasında yüksək xüsusi çəkiyə malik olduğunu qeyd etməklə yanaşı bildirib ki, “kölgə iqtisadiyyatı”nın elementlərinə daha çox rast gəlinən sahələrdən biri də məhz bu sahədir.
Mal dövriyyələrinin sənədləşməsi və mühasibatlığın düzgün aparılmasında mövcud olan ciddi nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulayan M.Cabbarov vergi orqanlarının məqsədinin sanksiyaların tətbiqi deyil, dövriyyələrin leqallaşması, hamının bərabər, leqal şərtlər əsasında işləməsi olduğunu bildirib.
Vergi qanunvericiliyində 2019-cu ildən qüvvəyə minmiş dəyişikliklərin buna əyani misal olduğunu deyən nazir ilk dəfə qanun pozuntusu aşkarlanan zaman xəbərdarlıq mexanizminin tətbiq edilcəyini, vəsaitlərin bank hesablarından silinməsinin onların dondurulması ilə əvəzlənəcəyini də diqqətə çatdırıb.
Vergilər naziri vergi öhdəliyini azaltmaq üçün ən müxtəlif səviyyələrdə uzun illər ərzində formalaşmış olan bəzi düzgün olmayan praktikalardan imtina etməyi, onların biznes üçün fayda gətirmək əvəzinə, sanksiyalarla üzləşmə ehtimalı yaratdığını diqqətə çatdıraraq 2018-ci ildə bir sıra sahələrdə problemli məsələlərin üzərinə gedildiyini, “kölgə iqtisadiyyatı”nda fəaliyyət göstərən sahələrin dövriyyələrinin leqallaşdırıldığını, həmin sektorlar üzrə bazarda qaçaq malın satış payının dəfələrlə aşağı düşdüyünü və eyni yanaşmanın digər sektorlarda da tətbiq ediləcəyini bildirib.
Qeyd olunub ki, son iki ildə ticarət sektorunda yayındırılan dövriyyənin həcminin böyük rəqəmlərlə ölçülməsinə baxmayaraq, bu sahədə çalışan vergi ödəyicilərinin təqdim etdiyi bəyannamələrdə əmək haqlarının aşağı səviyyədə göstərilməsi sual doğurmaya bilməz. Bu halların vergidən yayınma risklərinin aşkar əlamətlərinin mövcudluğu kimi dəyərləndirən nazir bunun yolverilməz olduğunu qeyd edib.
M.Cabbarov Azərbaycan iqtisadiyyatının qüdrətinin güclü sahibkarlardan asılı olduğunu, vergi orqanlarının məqsədinin sahibkarların biznes fəaliyyəti üçün əngəl yaratmaq deyil, əksinə, onların fəaliyyətini stimullaşdırmaqdan, leqal şərtlərlə rahat işləmələrini təmin etməkdən ibarət olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində ciddi və təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı dövlət qurumları qarşısında mühüm vəzifələr qoyduğunu bildirən nazir sağlam və hamı üçün eyni rəqabətlilik mühitinin formalaşdırılmasının təkcə dövlətin deyil, hər bir sahibkarın da marağına uyğun olduğunu qeyd edib.
Təklif olunan şəffaf münasibətləri qəbul etmək istəməyən, əvvəlki kimi qeyri-leqal fəaliyyət göstərməyə üstünlük verənlərə qarşı isə vergi orqanları fərqli yanaşma göstərəcək.
Sonra tədbirdə iştirak edən vergi ödəyicilərinin vergi qanunvericiliyində aparılmış dəyişikliklərlə bağlı çoxsaylı sualları cavablandırılıb.