Quş əti və ərzaqlıq yumurtanın idxalına tətbiq edilən rüsumların qüvvədə olma müddəti uzadılıb
Yerli istehsalçılar tərəfindən edilən çoxsaylı müraciətləri nəzərə alaraq Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli 367 nömrəli qərarının qüvvədə olma müddətinin uzadılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə və bir sıra digər dövlət orqanlarına müraciət edib. 367 nömrəli qərara əsasən ölkədə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması, yerli sahibkarların fəaliyyətinin genişləndirilməsi, yerli istehsalın qorunması məqsədi ilə Azərbaycana gətirilən bəzi mal mövqeləri üzrə gömrük idxal rüsumları artırılmışdır.
Müraciətdə ASK yuxarıda qeyd edilən qərarın son iki ildə icrası dövründə toyuq və ərzaqlıq yumurta istehsalının əhəmiyyətli dərəcədə artdığını, idxal olunan məhsullara tətbiq edilən spesifik gömrük rüsumu sayəsində yerli istehsalın inkişaf etdiyini qeyd edib. Qərarın qüvvədə olma müddətinin uzadılmasının yerli istehsalın daha da rəqabət qabiliyyətli səviyyəyə yüksəlməsinə təkan verəcəyi bildirmişdir.
ASK-nın da təklifləri də nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 2018-ci il 7 noyabr tarixli 476 nömrəli qərarına uyğun olaraq, bir sıra məhsulların, o cümlədən quş əti və ərzaqlıq yumurtanın idxalına tətbiq olunan spesifik rüsumların qüvvədə olma müddəti 2019-cu ilin 15 dekabr tarixinədək uzadılmışdır.
Vüsal Əzizov