azia.az
azia.az

Cəbhəyanı bölgələrdə fəaliyyət göstərən sahibkarlara dəstək göstərilib

21-10-2020, 11:33


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəis müavini Anar Rzayevin şərhi
Cəbhəyanı bölgələrdə fəaliyyət göstərən sahibkarlara dəstək göstərilib
Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistan silahlı birləşmələri növbəti dəfə hərbi təxribatlar törədərək Azərbaycan Respublikasının hərbi obyektləri və yaşayış məntəqələrini intensiv atəşə tutur. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin həmlələri dəf edilib və hazırda rəşadətli Azəbaycan əsgərləri tarixi torpaqlarımızı işğaldan azad edirlər. Ordumuzun uğurlu hərbi əməliyyatları qarşısında aciz qalan düşmən mülki obyektləri və dinc əhalini hədəfə alır. Ermənistanın hərbi təxribatı nəticəsində çoxsaylı sahibkarlıq obyektlərinə də ciddi zərər dəyir.
Belə ki, vergi ödəyicilərinə məxsus bir sıra təsərrüfat obyektləri ziyan çəkir, sahibkarların əmlakına külli miqdarda zərər vurulur, onların sahibkarlıq fəaliyyəti tamamilə dayanır və ya ciddi maliyyə itkiləri ilə üzləşirlər.
Azərbaycan dövlətu həmişə olduğu kimi, bu gərgin günlərdə də sahibkarların yanındadır.
Sahibkarlıq subyektlərinə dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə ləğv edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəis müavini Anar Rzayev qərarı şərh edib. Onun sözlərinə görə, Dövlət Vergi Xidməti tərəfindən “İnzibati icraat haqqında” Qanun, Vergi Məcəlləsi və digər normativ hüquqi aktlar nəzərə alınmaqla cəbhəyanı ərazilərdə fəaliyyət göstərən və zərər görmüş sahibkarlar üçün maliyyə sanksiyalarının tətbiqini nəzərdə tutan inzibati aktlar ləğv edilib və həmin qərarlar üzrə maliyyə sanksiyalarının silinməsi ilə bağlı aidiyyəti vergi orqanlarına müvafiq tapşırıqlar verilib.
İdarə rəisinin müavini qeyd edib ki, qəbul edilmiş qərarla 2013 vergi ödəyicisinin 6 milyon manatdan çox maliyyə sanksiyası ləğv edilib. Bu qərar tam və qismən işğal altında olan rayonlar, həmçinin cəbhəyanı ərazilər, o cümlədən Tərtər, Goranboy, Naftalan, Ağcabədi, Bərdə, Beyləqan, Daşkəsən, Gədəbəy və bir sıra digər rayonlardan olan vergi ödəyicilərini əhatə edir. Qərar mikro və kiçik sahibkarlıq subyektlərinə şamil edilir.
Sahibkarlıq subyektlərinə münasibətdə bu qərarın qəbul edilməsi onların gələcək maliyyə vəziyyətinin yaxşılaşdırılmasına və fəaliyyətinin davamlı olmasına xidmət edəcək. A.Rzayev bildirib ki, sahibkarlıq subyektlərinin fəaliyyətinin davamlı və maneəsiz həyata keçirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir. Gələcəkdə də zərurət yaranarsa, müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi