azia.az
azia.az

Vergi güzəştləri verilmiş sahələr üzrə yeniliklər şərh edilib

25-08-2020, 18:42

Vergi güzəştləri verilmiş sahələr üzrə yeniliklər şərh edilib

Azia.Az xəbər verir ki, Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının iqtisadi fəallığa təsirinin azaldılması və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün dəstək tədbirləri və proqramları həyata keçirilir. Tədbirlər çərçivəsində Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib, vergi ödəyicilərinə əhəmiyyətli güzəştlər və azadolmalar verilib, müvafiq güzəşt və azadolmalardan istifadə etmək üçün vergi orqanlarına təqdim edilməli hesabatlarda yeniliklər edilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Elmir Ramazanov Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində həyata keçirilən tədbirləri şərh edib.

E.Ramazanov bildirib ki, ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə geniş miqyasda vergi güzəştləri və azadolmalar verilib. Bu şəxslər 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad ediliblər, 2020-ci ildə əldə edəcəkləri mənfəət və ya gəlirlərinin 75 faizi miqdarında vergi güzəştləri əldə ediblər. Bundan əlavə, fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, onlar üçün daşınmaz əmlaka görə ödənilən icarə haqlarından tutulan verginin dərəcəsi 14 faizdən 7 faizə endirilib. 8 faiz vergi dərəcəsi ilə sadələşdirilmiş rejimdə fəaliyyət göstərən ictimai – iaşə obyektləri üçün vergi dərəcəsi 4 faizə, 2 faiz dərəcə ilə vergi ödəməklə fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyiciləri üçün isə bu rəqəm 1 faizə endirilib. Müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığı və zəruri ehtiyaclarının təmin edilməsi məqsədi ilə idxal edilmiş məhsullar ƏDV-dən azad edilib, eyni zamanda həmin müddətdə hava nəqliyyatı daşıyıcılarının sərnişindaşıma fəaliyyətində istifadə etdikləri hava gəmiləri əmlak vergisindən tam azad edilib.

E.Ramazanov bəyannamələrin yeni formada təqdim edilməsi ilə bağlı da məlumat verib. Bildirilib ki, mikro sahibkarlıq subyektlərinin 2020-ci ilin 1-ci və 2-ci rübləri üzrə vergi orqanına təqdim etməli olduqları sadələşdirilmiş vergi bəyannaməsinin verilmə müddəti, hesablanmış vergiləri, eyni zamanda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin 2019-cu il üzrə hesablanmış mənfəət, gəlir və əmlak vergisi üzrə öhdəlikləri 2020-ci il sentyabrın 1-nə kimi uzadılıb. Bundan əlavə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin 2019-cu il üzrə hesablanmış mənfəət, əmlak və gəlir vergiləri üzrə cari ödəmələri, eyni zamanda əvvəlki ildə fəaliyyəti olmayıb cari ildə qeydiyyatdan keçmiş vergi ödəyiciləri mənfəət, gəlir və əmlak vergiləri üzrə cari ödəmələrindən tam məbləğdə azad ediliblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi