Qurban Qurbanov: "Son vaxtlar Mahir Mədətovun adı mənfi obrazda hallanır"
"Vacib qələbə qazandıq. Ağır qrafikə düşmüşük. Buna görə bir qədər rotasiyaya əl atdıq. Futbolçularım istəkli idilər".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- Millinin baş məşqçisi kimi cavab verməyinizi istəyərdik. "Qarabağ”ın 2-ci heyətinin "Qəbələ”ni belə rahat məğlub etməsi sizi məyus etmir?
- Xeyr. Bu cür nəticələr nadir hallarda qeydə alınır. Məsələn, "Sumqayıt”la oyunda fərqli nəticə olmuşdu.
- Mahir Mədətovun sosial şəbəkədə azarkeşlərin birinə kəskin reaksiya verməsindən məlumatınız varmı və bu barədə onunla söhbət etmisinizmi?
- Son vaxtlar Mahirin adı mənfi obrazda hallanır. Sosial şəbəkələrdə olmasam da, bu barədə məlumatlar alıram. Uşaqlarla söhbətim olub. İnanıram ki, Mahiri gələcəkdə sosial şəbəkələrdə daha az görəcəksiniz. Sosial şəbəkələrə aludə olmaq insanın çox vaxtını alır.
- Araz Abdullayev mərkəz hücumçusu kimi çox yaxşı təsir bağışladı. Forvard qıtlığında onun mövqeyini birdəfəlik dəyişmək niyyətiniz yoxdur?
- Araz universal oyunçudur. Hücumda oynamaq potensialı yetərincədir. Bu gün əlimə belə fürsət düşdü və o, özünü yaxşı tərəfdən göstərdi. Arazın təcrübəsi artıb. Hansı mövqeyə qoysan, ümumi ansambldan düşməyəcək.