azia.az
azia.az

"Qadın cüdoçuların Avropa Kubokunda 5 medal qazanması inkişafı göstərir"

Bu gün, 16:22

Saşa Herkenrat-Vimar: "Qadın cüdoçuların Avropa Kubokunda 5 medal qazanması inkişafı göstərir"

Azərbaycanın qadınlardan ibarət cüdo millisinin Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən gənclər arasında Avropa Kubokunda 5 medal qazanması komandanın ümumi inkişafının və hazırkı formasının müsbət istiqamətdə olduğunu göstərir.

Bunu "Report"a açıqlamasında Azərbaycanın cüdo üzrə qadınlardan ibarət yığmasının böyük məşqçisi Saşa Herkenrat-Vimar deyib.

Mütəxəssis komandanın çıxışından razı qaldığını və əsas məqsədlərinin idmançıların uzunmüddətli inkişafı olduğunu bildirib:

"Məşqçi kimi mənim üçün əsas məsələ hər bir idmançının il ərzində uzunmüddətli inkişafıdır. Cüdoçu texniki, fiziki və psixoloji baxımdan inkişaf etməyə davam edirsə, nəticələr də zamanla təbii şəkildə gəlir. Eyni zamanda, bizim üçün qadınlardan ibarət komandanın inkişafı və rəqabətədavamlı kollektiv olması çox vacibdir. Bu baxımdan, yarışda gördüklərimizdən çox razıyam. Qadın komandası olaraq 5 medal qazanmağımız və müxtəlif çəki dərəcələrində yaxşı çıxış komandanın ümumi inkişafının və hazırkı formasının müsbət istiqamətdə olduğunu göstərir. Komanda gəncdir və ona görə də bu yarışı ətraflı təhlil edərək Avropa çempionatına qədər çatışmazlıqlar üzərində işləyəcəyik".

O, bu yarışın Avropa çempionatı üçün heyətin müəyyənləşdirilməsi baxımından vacib olduğunu vurğulayıb:

"Lakin qərar yalnız bir yarışın nəticələrinə əsaslanmır və idmançıları daha uzun müddət ərzində qiymətləndiririk. Bu yarışın nəticələri bizə komandada rəqabətli idmançı qrupunun olduğunu bir daha göstərdi. Qitə birinciliyinə gəldikdə, düşünürəm ki, komandamız Avropanın ən güclü idmançıları ilə rəqabət aparmaq potensialına malikdirlər. Xədicə Qədəşova və Aysun Məmmədova hazırkı inkişafları və son çıxışları ilə medal uğrunda real mübarizə apara biləcəklərini göstəriblər. Bununla belə, əsas prioritet inkişaf, sabit çıxış və ən yüksək beynəlxalq səviyyədə təcrübə toplamaqdır. Mməqsədimiz Avropanın ən güclü komandaları ilə rəqabət, hər görüşdə maksimum mübarizə aparmaq və hər bir idmançıya potensialını ortaya qoymaq üçün imkan yaratmaqdır".

Qeyd edək ki, Azərbaycan yığması 2 qızıl və 5 bürünc olmaqla ümumilikdə 7 medalla 33 ölkənin qatıldığı Avropa Kubokunu komanda hesabında üçüncü pillədə başa vurub.

Xədicə Qədəşova (57 kq), Davud Namazlı (100 kq) qızıl, Nərgiz Əhmədova, Gülgəz Musayeva (hər ikisi 48 kq), Aytən Verdiyeva (57 kq) və Canpolad Əliyev (100 kq) isə bürünc medal əldə ediblər.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi