Azərbaycanlı DÜNYA REKORDUNU qırıb tarixə düşdü: 743,5 kq ağırlığı QALDIRDI! - FOTOLAR
2021-ci il 16-19 dekabr tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində Dünya Pauerliftinq Federasiyasının (WRPF) təşkilatçılığı ilə pauerliftinq idman növünün üçnövçülük üzrə (squad, benç-press və dedlift) dünya çempionatı keçirilib. Yarışda 30-dan çox ölkədən 3 000-ə yaxın idmançı iştirak edib.
Azərbaycan Pauerlitinq Federasiyasının təşkilatçılığı və rəhbərliyi altında Azərbaycanın pauerliftinq üzrə komandası 21 nəfərdən ibarət olmaqla çempionatda əzmkar mübarizə apararaq ümumilikdə 13 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.. Komandanın tərkibində iştirak edən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov 75 kq çəki dərəcəsində Pauerliftinq idman növü üzrə Squad (Ağırlığı oturub qaldırmaq), Benç-press (Ağırlığı sinə üzərinə qaldırmaq) və Deadlift (Ağırlığı yerdən qaldırmaq) üç hərəkətin cəmində 743,5 kq ağırlığı qaldıraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medala layiq görülüb.
Azərbaycan Pauerliftinq Fedreasiyasının, Fövqəladə Hallar Nazirliyinin qayğı və dəstəyi nəticəsində Rövşən Xəlilov əldə etdiyi nailiyyətlərə görə pauerliftinq üzrə peşəkar divizionda da (ProDivision) iştirak edərək çempion və dünya rekordunu qıran ilk Azərbaycanlı kimi tarixə düşüb. O, Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı üçqat Avropa və beşqat Dünya çempionu, fəxri idman ustasıdır.
24 dekabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və klubun əməkdaşları yarışda uğur qazanmış idmançı ilə görüşərək onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıblar.