Gənc oğlan Feysbukda tanış olduğu qızın başına oyun açdı – Şok təfərrüat
Azia.az xəbər verir ki, Gənc oğlan Feysbukda tanış olduğu qızın başına oyun açıb.
Samid Abdullayev 2015-ci ilin sentyabrında Feysbuk sosial şəbəkəsi vasitəsilə tanış olduğu Ləman Məmmədovaya (ad və soyadlar şərtidir – red.) özü haqqında həqiqətə uyğun olmayan yalan məlumatlar verib, onunla sevgi münasibətləri yaradıb.
Bakıda dələduzluqda və şantajda təqsirləndirilən Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü Samid Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Əvvəl sevgisini elan etdi, sonra pulunu aldı
O, Ləmanın etibarını qazandıqdan sonra qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu, işlərində problem yarandığını bildirib.
Samid bu yolla Ləmanı aldadıb və 2015-ci ilin sentyabrın sonlarında "Nəriman Nərimanov" metrostansiyasının yanında bir həftəyə qaytaracağı vədi ilə ondan 1000 manat alıb.
Bundan sonra Samid ucuz qiymətə satılan qızıl-zinət əşyalarını almaq istədiyini və gələcəkdə əldə edəcəyi qazancla onların evliliyi üçün müəyyən işlər görəcəyini deyib.
O, həmin il oktyabrın 2-də "Əhmədli" metrostansiyasının yanında bir həftəyə qaytaracağı vədi ilə Ləmandan 10.600 manat və 500 ABŞ dolları alıb.
Daha sonra verilən pulun qızıl-zinət əşyalarının alınması üçün kifayət etmədiyini və lazım olan məbləğin satıcıya çatdırılmayacağı təqdirdə verilmiş pulların da batacağını bildirib.
Oktyabrın 9-da Ləmandan "Nəriman Nərimanov" metrostansiyasının yaxınlığında 1500 manat, oktyabrın 25-də saat 11 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 2000 ABŞ dollar pulunu alıb.
Ehtiraslı görüş və intim söhbət
Bundan sonra, Samid Ləmanı rüsvayçı fotoları ilə şantaj etməyə başlayıb. O, Ləmanı Nərimanov rayonu ərazisində yerləşən "Klub 45"də öpüşdüyü zaman çəkilmiş fotoşəkilləri və videogörüntüləri, internet vasitəsilə ona göndərdiyi sinə nahiyəsinin yarıçılpaq fotoşəkili ilə şantaj edib.
Samid həmçinin Ləmanın "WhatsApp" proqramı vasitəsilə aralarında intim mövzuda olan yazışmaları atasına və iş yerinə göndərəcəyini bildirib.
O, qızdan hədə-qorxu ilə pul tələb edib.
"Sevgilisi"nə bank vasitəsi ilə nə qədər pul göndərdi?
Samid bu hədələrlə Ləmandan noyabrının 5-də 200 manat, noyabrın 10-da ümumi dəyəri 1500 manat olan qızıl və 400 ABŞ dollarını alıb.
Daha sonra Samid eyni məqsədlə noyabrın 19-da Ləmanın adına "Kapital Bank" ASC-nin Nizami rayonunda yerləşən "Nizami-2" filialı vasitəsilə iki dəfəyə göndərdiyi 80 manat pulu, noyabrın 24-də "Turan bank"da adına olan hesaba ödədiyi 38 manat pulu ələ keçirib.
Bundan sonra Samid Ləmanı 2016-cı ilin müxtəlif vaxtlarında intim foto və videoları ilə şantaj edib. Ondan ümumilikdə 12691 manatını alıb.
Qadının şikayəti və həbs
Samid bu qədər pul və qızıl almasına baxmayaraq Ləmanı yenə də şantaj etməyə başlayıb. Şantajlardan bezən Ləman hüquq-mühafizə orqanlarına şikayət edib. Samid Abdullayev həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
10 il 6 ay cəza və narazılıq
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samid Abdullayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin dəymiş ziyana görə 28412 manat təqsirləndirilən şəxsdən tutularaq Ləman Məmmədovaya ödənilməsi barədə qərar verilib.
Hökmdən narazı qalan Samid Abdullayev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Samid Abdullayevin apelyasiya şikayəti qismən təmin olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Yeni hökmə əsasən, Samid Abdullayevin əməli Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə dəyişdirilib. Ona 6 il 6 ay cəza təyin olunub.
Bu hökmdən narazı qalan zərərçəkmiş kasasiya şikayəti verib. O, Samid Abdullayevin cəzasını 10 ilə qədər artırılmasını istəyib.
Ləman Məmmədovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb.
Kasasiya şikayəti təmin edilməyib.
Aybəniz Abdulova