Bakıda gənclər 8 il sevgili oldu, 2 ay evli oldular, sonra isə... — Paytaxtda dəhşətli olay
Bakının Yasamal rayonunda 1989-cu il təvəllüdlü Əfqan şəxsi münasibətlər zəminində Ləmana (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il martın 28-də, saat 23.00-da baş verib. Əfqan yaşadığı mənzilin qonaq otağında həyat yoldaşı Ləmanın anası ilə telefonla danışması səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Yaranmış mübahisə zamanı Əfqan arvadını yumruq və təpik zərbələri ilə ona xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Onun barəsində olan cinayət işi baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 8 il olar Ləmanı tanıyıb və ötən il fevralın 28-də onunla rəsmi nigaha girərək ailə qurub: “Ailə qurduqdan sonra Ləmanın valideynləri hər xırda söz-söhbətə görə onların ailə işlərinə qarışıb, Ləmanın mənim əleyhimə yönəltdiklərindən aramızda tez-tez mübahisələr baş verdi. Marıtın 28-də, gecə saat 23.00-da sərxoş vəziyyətdə həyat yoldaşım ilə birgə yaşadığımız ünvanda yerləşən mənzilə gəldim. Sərxoş olduğuma görə Ləman mənə iradlarını bildirdi. Buna görə aramızda mübahisə baş verdi. Bir qədərdən sonra Ləman vanna otağına yuyunmağa getdi və mobil telefonunu enerji yığması üçün yataq otağında qoydu. Ləmanın mobil telefonuna baxdıqda onun öz anası ilə xeyli müddət danışmasını gördüm. Ləmandan anası ilə danışıb-danışmamasını soruşdum. Ləman məni aldadaraq inkar cavabı verdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, buna görə əsəbləşib və Ləmanı divana itələyib: Ləman divanda oturaq vəziyyətdə olduqda əlim ilə onun bud nahiyəsindən, ayağım ilə ayağından vurdum. Ona bir daha yalan danışmamasını tapşırdım”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ləmanın sözlərinə görə, ailə qurduqdan sonra Əfqan ilə cəmi iki gün onunla mehriban dolanıb: “Bundan sonra spirtli içkilər içərək səbəb olmadan münaqişələr salmağa, məni valideyinlərimlə telefon əlaqəsi saxlamamağa, valideynlərimi evimizə buraxmamağa başladı. Sonradan mənə məlum oldu ki, Əfqan l başqa qadınla yaşayır və acığıma mənimlə etdiyi mübahisələri həmin qadına bildirib”.
Zərərçəkmiş bildirib ki, martın 28-də, gecə saat 23.00-da Əfqan yenə də sərxoş vəziyyətdə birgə yaşadıqları mənzilə gəlib: “Qəsdən mənə müxtəlif tapşırıqlar verdi, lağa qoymağa başladır. Əfqanın bütün tapşırıqlarını yerinə yetirdikdən sonra vanna otağına yuyunmağa getdim və mobil telefonumu enerji yığması üçün yataq otağında qoydum. Yuyunub çıxdıqda mobil telefonumun Əfqanda olduğunu və Əfqanın gün ərzində kimlərlə danışdığımı yoxlamasını gördüm. Əfqan məndən anam ilə danışıb-danışmamağımı soruşdu. Əvvəlcə bunu ondan gizlədərək inkar cavabı verim. Lakin Əfqan mənə anam ilə 11 dəqiqə danışdığımı söylədi, üstümə cumaraq məni divana itələdi. Divanda oturaq vəziyyətdə olduqda yumruqları ilə kürəyimdən, bud nahiyəmdən və ayağı ilə sağ ayağımdan zərbələr endirdi. Bundan sonra Əfqan aralanaraq mətbəxə getdi. Əfqanın oradan bıçaq götürəcəyindən ehtiyatlanaraq tez qonaq otağının qapısını onun arxasınca bağladım”.
Ləmanın ifadəsinə görə, Əfqan qapını təpiyi ilə vuraraq açıb: “Bundan sonra qapını düzəltməkdə ona köməklik etməyim üçün yanına çağırdı. Onun yenidən məni döyəcəyindən ehtiyatlanaraq yanına getmədim. Bir neçə dəqiqədən sonra Əfqan qapını düzəltdikdə məni yanına çağırdı, bir daha onu aldatmamağımı tapşırdı”.
Ləman qeyd edib ki, həmin vaxt valideynləri Salyan rayonundan evlərinə gəlib və onu götürərək öz evlərinə aparıblar: “Əvvəlcə Əfqanın məni döyməsi barədə şikayət etmək istəməmişəm. Lakin sonradan Əfqanın mobil telefonunda başqa qadınla yazışmaların məzmununu gördüm, onun həmin qadınla barəmdə təhqiramiz ifadələr işlətməsini şahidi oldum, polisə şikayət etmək qərarına gəldim. Martın 31-də ərizə ilə 29-cu polis şöbəsinə müraciət etdim”.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışması nəzərə alınıb və Əfqanın barəsində olan cinayət təqibinə xitam verilib.