azia.az
azia.az

Bakıda salfetka satan koronavirus xəstəsi cəzalandırıldı — Hökm

17-12-2021, 16:30

Bakıda salfetka satan koronavirus xəstəsi cəzalandırıldı — Hökm
Bakının Nərimanov rayonunda koronavirus infeksiyasını yaymaqda ittiham olunan 1999-cu il təvəllüdlü Ağamoğlanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ağamoğlan yeni növ koronavirus - COVİD-19 infeksiyasına yoluxmasına və bu barədə 2 may 2021-ci ildə TƏBİB-in informasiya sistemindən onun nömrəsinə məlumat göndərilib. Ona həmin vaxtdan etibarən mayın 17-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması, habelə karantin rejimini pozduğu təqdirdə İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəyi barədə ona xəbərdarlıq edilib.

Buna baxmayaraq, Ağamoğlan səhiyyə və digər aidiyyəti orqanlara heç bir məlumat vermədən mayın 3-də Sabunçu, Nərimanov, Nəsimi, Yasamal, Binəqədi, Nizami rayonları, mayın 4-də Nəsimi, Nərimanov, Suraxanı, Nizami, mayın 6-da Yasamal, Nəsimi, Nərimanov, Binəqədi, mayın 7-də Suraxanı, Nəsimi, Nərimanov rayonları, mayın 8-də Nizami, Nəsimi, Binəqədi, Nərimanov rayonları, mayın 9-da Nəsimi, Binəqədi, Nərimanov, Xətai rayonları, mayın 10-da Nəsimi, Nərimanov rayonları, mayın 11-də Nəsimi, Sabunçu, Yasamal, Nərimanov rayonları, mayın 12-də Sabunçu, Suraxanı, Yasamal, Nəsimi, Xətai, Nərimanov rayonları, mayın 13-də Nəsimi, Nərimanov rayonları, mayın 14-də Nizami, Nəsimi, Suraxanı, Nərimanov rayonları, mayın 15-də Suraxanı, Nərimanov rayonları, mayın 16-da Nəsimi, Nərimanov rayonları, mayın 17-də Nizami, Nəsimi, Binəqədi, Nərimanov rayonları ərazisində olub.

Ağamoğlan heç bir əsaslı səbəb olmadan yaşayış yerini tərk edib, ticarət mərkəzlərinin qarşısında salfetka satışı ilə məşğul olub, salfet sata-sata vətəndaşlarla ünsiyyətdə olub, onlara salfet verib, pul alıb.

Yəni koronavirus - COVİD-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaradıb.

Bu cinayət işinə Nərimanov rayon Məhkəməsində hakim Tural Ələkbərovun sədrliyi ilə baxılıb.

Məhkəmənin hökmü ilə Ağamoğlanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 9 ay sınaq müddəti olmaqla 11 ay 28 gün müddətə şərti cəza təyin olunub.

Hökmdə qeyd olunub ki, Ağamoğlan 2021-ci ilin martın 11-də Xəzər rayon Məhkəməsi tərəfindən məhkum olunub. O, Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib və şərti cəza alıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi