Şirkət rəhbərini və anasını qətlə yetirən şəxs MƏHKƏMƏ QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbəri və anasını qətlə yetirməkdə təqsirləndirilən Ruhin Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxs ona ittiham aktının verilmədiyini bildirib. Buna görə proses iyunun 2-nə təxirə salınıb.
Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhəri, Nərimanov rayon sakinləri 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviç yaşadıqları evdə qətlə yetiriliblər. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə endirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Ruhi Allahverdiyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ruhin Allahverdiyev hadisəni törədən evdə ustalıq edirmiş.
Onu da qeyd edək ki, Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri olub. O həm də business-dialogue.az saytının təsisçisi idi.