Biləsuvarda mal-qara oğruları tutuldu
Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları mal-qara oğurluğu ilə məşğul olan 4 nəfərdən ibarət dəstəni ifşa edib. Bu barədə məlumatı APA-nın cənub bürosuna Biləsuvar RPŞ-nin müstəntiqi Elşən Mustafayev verib. Onun sözlərinə görə, əslən Ağcəbədi rayonunun Xocavənd kəndindən olan Səda və Dilqəm Mirzəliyev qardaşları, onların əmisi oğlu Taleh Mirzəliyev və Ramil Əbilov əlbir olraq müxtəlif vaxtlarda vətəndaşlara məxsus xeyli sayda iri və xırdabuynuzlu heyvan oğurlayıblar.
Dəstə üzvləri izi itirmək məqsədi ilə oğurluğu fərqli vaxtlarda Saatlı, Sabirabad, İmişli və Salyan rayonlarında həyata keçiriblər. Sonuncu dəfə isə hədəf Biləsuvar rayonunun Ağayrı kəndində Sakit Nəzərovun təsərrüfatı seçilib. Dəstə üzvləri bir gecədə kənd sakininin 43 baş qoyununu oğurlayıblar. Oğurluq heyvanlar isə Ramil Əbilova məxsus "Qazel" markalı yük maşını vasitəsi ilə Bərdə və İmişli rayonlarındakı mal-qara bazarlarında satışa çıxarılıb