azia.az
azia.az

Azərbaycanın dövlət zəmanətli istiqrazlarını amerikalılar və ingilislər aldı

26-03-2016, 14:49

Azərbaycanın dövlət zəmanətli istiqrazlarını amerikalılar və ingilislər aldı 24 mart 2016-cı il tarixində “Cənub Qaz Dəhlizi” QSC tərəfindən buraxılan istiqrazların yerləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə bazarlarında keçirilən əməliyyatlar müvəffəqiyyətlə başa çatıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, bundan əvvəl, 17 mart tarixində “Cənub Qaz Dəhlizi” QSC tərəfindən ilkin olaraq 1 milyard ABŞ dolları həcmində 10 illik istiqrazların qiymətləndirilməsi aparılıb, 18 mart tarixində isə buraxılan istiqrazlar beynəlxalq kapital bazarlarında uğurla yerləşdirilib.

Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilmiş istiqrazların emissiyası xarici investorların böyük marağına səbəb olmuş, 1 milyard ABŞ dolları məbləğində istiqrazların emissiyası yeddi faizlik gəlirlilik dərəcəsi ilə (6,875 kupon faizi ilə), 10 il ödəmə müddəti ilə yerləşdirilib.

“Cənub Qaz Dəhlizi” QSC-nin dövlət zəmanətli istiqrazları 100-dən çox nüfuzlu institusional investor tərəfindən alınıb. Bunların 46 %-i Birləşmiş Krallıq, 43 %-i ABŞ, 10 %-i digər Avropa ölkələri, 1 %-i isə Asiya və Yaxın Şərq ölkələrini əhatə edir.

“Cənub Qaz Dəhlizi” Şirkəti tərəfindən buraxılan istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün “Citi Bank”, “UniCredit”, “JP Morgan” banklarından ibarət sindikat səlahiyyətləndirilib. “Lazard Freres SAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda çıxış edir.

Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.

“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Beynəlxalq istiqrazların müvəffəqiyyətli debüt emissiyası xarici investorların Azərbaycan iqtisadiyyatının inkişafına və Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji ehtiyatlarının şaxələndirilməsində müstəsna roluna inam və etibarının bariz nümunəsidir.

Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunmasında ölkəmizdə yaradılmış siyasi sabitlik, iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərini özündə əks etdirən dövlət proqramları investorların marağını təmin etməklə ölkəmizin beynəlxalq kapital bazarlarında siyasi və iqtisadi cəhətdən güclü, stabil dövlət kimi qəbul olunmasını və dünya iqtisadiyyatında rolunun artmasının bir daha təsdiq edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi