heyif ömür qısadı… səni sevməyə yetmir..
Düşürəm
Xəstələnib təbimdəki qəzəllər,
Dörd yanımda cövlan edir xəzəllər,
Bir gözəlin fanatıydım əzəllər,
Fanat kimi məzənnədən düşürəm.
İki qüllab soluğumu alınca,
Ağır-ağır söykənirəm balınca,
Uçammıram xəyalların dalınca,
Qanad kimi məzənnədən düşürəm.
Ömür qoydum xırmanında,vəlində,
Aramayın gövhərində,ləlində,
Bu torpağın,bu vətənin əlində,
Manat kimi məzənnədən düşürəm.
Fikir qəti, inam qəti, yol qəti..
İşıqlıdı ürəyimin niyyəti,
Artır hər gün eşşəklərin qiyməti,
Mən at kimi məzənnədən düşürəm..
****
yerini tuta bilməz,başqası heç bir zaman,
bir az ney-ney gözəlsən,
bir az da kaman-kaman.
dəysə bir gün aramız,bir ömür yata bilməm,
sənə olan sevgimi sənə anlata bilməm.
sən varsan,bir sən varsan,
hər daim sözlərimdə.
qəmli baxışlarımda,sitəmli gözlərimdə.
gözlərindən gün doğan,saçlarından meh əsən,
bütün nəğmələrdəsən..
yorğun ayaqlarımın ünvanı sənə sarı.
bir sabun köpüyüdü yanında başqaları.
qorxuram əl vurmağa
sındıraram şüşətək.
aparıbdı ağlımı gözəlliyin nəşətək..
sən baş alıb getdiyim boz dumanlı çölümsən.
sən ən gözəl həyatsan,sən ən gözəl ölümsən.
sən varsan ürəyimin
gözləri nəmli deyil.
sən varsan başqa heç nə mənə önəmli deyil.
nə yaxşı bu dünyada sənintək bir
inci var,
sən varsansa içimdə bir yaşam sevinci var.
ürəyim səninlədi,başqa bir yerə getmir.
heyif ömür qısadı…
səni sevməyə yetmir..
Şartaşartdı, şartaşartdı, şartaşart
Əzəl gündən qara gəlib dərsimiz,
Əyri çalır düz havanı tərsimiz,
Alovlanır başımızda hirsimiz,
Çartaçartdı, çartaçartdı, çartaçart..
Belimizdə oynadıqca təpiklər,
Həyat bizi xırdalayar, qəpiklər,
Gündən-günə vüsət alır çəpiklər,
Şartaşartdı, şartaşartdı, şartaşart.
Unutmuşuq qovurmanı,səbzini,
Kimə verək, bu dərdlərin qəbzini,
Tutmaq olmur qiymətlərin nəbzini,
Artaartdı, artaartdı, artaart.
Çalıb çapır, çapıb-çalır darğalar,
Şahə qalxır içimizdə dalğalar,
Yerli-yersiz qarıldaşır qarğalar,
Qartaqartdı, qartaqartdı, qartaqart..
Qüssə basıb xalqımızı bit kimi,
Ömür keçir hər vağzaldan fit kimi,
Hamı qapır bir-birini it kimi,
Hartahartdı, hartahartdı, hartahart..
Qəsb olunub hərtərəfli diyarın,
Oğlum-qızım,mübarəkdi biyarın,
İndi əsil mövsümüdü xiyarın,
Xartaxartdı, xartaxartdı, xartaxart..
Vurur bizi xəyalların buxarı,
Kövrəlirik əlimizdə suxarı,
Aparırlar ulaqları yuxarı,
Dartadartdı, dartadartdı, dartadart.
Şair otur,ha baş çatlat,ha düşün,
Xeyri yoxdu əzrayılla döyüşün,
Biri düşüb bir qəpiyə söyüşün,
Partapartdı, partapartdı, partapart..