Bu gün saat 12:00-də bütün nəşriyyatlar, redaktor, tərcüməçi və digər yaradıcı kollektivlərin birgə toplantısı keçiriləcək.
Bakupost.az xəbər verir ki, bu barədə "Qanun" nəşriyyatınıb direktoru Şahbaz Xuduoğlu paylaşım edib.
"Bildiyiniz kimi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Mədəniyyət Nazirliyi vasitəsilə ölkə kitabxanaları üçün kitab alışını dayandırıb. İki gün əvvəl Antiinhisar xidmətinin nümayəndəsi Kitab Sərgisini ziyarət etdikdən sonra kitab almağa ehtiyac olmadığını bəyan etmişdir.
Dünən, Azərbaycan nəşriyyatları birlikdə Mədəniyyət Nazirliyinə və Antiinhisar xidmətinə etiraz bəyanatı vermişdir. Bu bəyanatda qeyd olunurdu ki, bazar ertəsinə qədər müsbət cavab verilmədiyi təqdirdə, nəşriyyatlar yekdilliklə X Bakı Beynəlxalq Kitab Sərgisini tərk edəcəklər.
Antiinhisarın bu addımı kitab mədəniyyətinə, kitabxanaçılıq fəaliyyətinə və ümumilikdə oxu mədəniyyətinə ciddi zərbədir. Kitabxanalar və nəşriyyatlar üçün həyati əhəmiyyət daşıyan bu prosesin dayandırılması, ölkədə kitab oxuma vərdişlərinin azalmasına səbəb olacaqdır.
Bu gün, saat 12:00-da, nəşriyyatların, Mədəniyyət Nazirliyinin və Antiinhisar Dövlət Xidmətinin nümayəndələri ilə birgə görüş keçirilməsi təklif olunub. Görüş EKSPO sərgi mərkəzində baş tutacaq və mətbuat nümayəndələri üçün açıq olacaq.
Naşirlər, nəşriyyatların redaktor və tərcüməçiləri, yazıçıların bu görüşdə iştirakı vacibdir", deyə bildirib.
Zaur