Prezidentin büdcə ilə bağlı fərmanı nə vəd edir?
Neft Fondu Mərkəzi Banka 7,5 mlrd. manatadək məbləğdə transfert həyata keçirəcək
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il Azərbaycan Mərkəzi Bankına (AMB) 7,5 mlrd. manatadək məbləğdə transfert həyata keçirəcək.
“APA-Economics” xəbər verir ki, bu, ARDNF-nin 2017-ci il büdcəsində öz əksini tapıb. Sənəd prezident İlham Əliyev tərəfindən bu gün imzalanan fərmanla təsdiqlənib.
Büdcənin xərclər bölümündə qeyd edilib ki, transfert makroiqtisadi sabitliyin təmin olunmasına yönələcək və onun yuxarı həddi 7,5 mlrd. manat götürülüb.
Maraqlıdır ki, AMB-yə transfertlər fondun ümumi xərclərinin 51,7%-ə bərabərdir.
Qeyd edək ki, ölkə başçısı ARDNF-nin 2017-ci il büdcəsinin gəlirlərini 8 mlrd. 370 mln. 589,8 min manat, xərclərini isə 14 mlrd. 483 mln. 856 min manat məbləğində təsdiq edib.
Dvlt_Neft_Fondu
Prezidentin bu fərmanının maliyyə bazarında sabitliyin yaranmasına xidmət edəcəyi gözlənilir. Dövlət Neft Fondundan Mərkəzi Banka 7,5 mlrd. manatadək məbləğdə transfert həyata keçirilməsinə qərar verilməsi hökumətin dolların kəskin yüksəlməsinə imkan vermək niyyətində olmadığını göstərir. Məsələ ondadır ki, il ərzində ayrılması nəzərdə tutulan vəsaitin həcmi, təxminən valyuta bazarının illik kəsirinə bərabərdir.
Bu qərar həm də hökumətin tam üzən məzənnə rejiminə keçməkdən imtina etməsi kimi də izah edilə bilər. Görünür rəsmi Bakı dolların məzənnəsinin tam sərbəst buraxılmasının iqtisadiyyatdakı böhranı daha da dərinləşdirəcəyi, bank sisteminin tam olaraq çöküşünə səbəb olacağını qəbul edib. Bu üzdən də ya sözügedən siyasətdən imtina edilib, ya da müəyyən müddət dondurulub. Ən azı növbəti ilədək dolların tam sərbəst buraxılmasından imtina edilib. Təbii ki, bu qərar maliyyə bazarına təsirsiz ötüşməyəcək. Yaxın aylarda dolların məzənnəsinin müəyyən qədər azalmasına gətirib çıxara bilər.
Samir-Eliyev
Samir Əliyevin fikrincə, Prezidentin bu fərmanı maliyyə bazarını 2017-ci ildə sakitləşdirəcək: “Neft Fondu Mərkəzə Banka il ərzində indiki məzənnə ilə 4,2 milyard dollar köçürəcək. Bu, təxminən ayda 352 milyon dollar edir. Hesablamalarımıza əsasən, valyuta bazarının aylıq kəsirinin 300-400 milyon dollar olduğunu yazmışdıq. Deməli, bu transfert gözlənilməz hadisələr (neftin kəskin ucuzlaşması, siyasi böhran, maliyyə panikası və s.) baş verməsə, bazarı 2017-ci ildə sakitləşdirə biləcək. Bankların dollar satışı bərpa ediləcək. “Qara bazar”ın əhəmiyyəti azalacaq.
Mərkəzi Bank yəqin ki, vəsaitləri bir neçə istiqamətdə istifadə edəcək:
- ehtiyac yarandıqca hərraca əlavə vəsait çıxartmaq
– dövlət zəmanətli və bəzi bankların (məsələn, Beynəlxalq bankın) xarici öhdəliklərini qarşılamaq
– banklara dollar likvidliyi (kredit və ya depozit vasitəsilə) vermək.
Qeyd etdiyimiz kimi, valyuta çatışmazlığını Neft Fondunun aktivləri və Mərkəzi Bankın ehtiyatları hesabına müvəqqəti aradan qaldırmaq olar. Ancaq bu, problemin ömrünü uzatmaq və onun taleyini dünya bazarlarında neftin bahalaşmasına bağlamaqdan başqa bir şey deyil. Problem sistem xarakter daşıdığından məsələnin həlli köklü yanaşma tələb edir. Manatın məzənnəsinin sabitliyi yalnız dayanıqlı makroiqtisadi sabitlik və iqtisadi inkişaf fonunda mümkündür.
Hökumət təxminən 1 il vaxt qazandı. Hətta bu təşəbbüsdən sonra da manatın tam üzməsini iddia etmək olmaz. Manat Mərkəzi Bankın dəstəyi ilə üzməkdə davam edəcək. Bu addımlardan sonra manatın bahalaşması real deyil. Ola bilər epizodik bahalaşma baş versin. Amma tendensiya ucuzlaşamq istiqamətində olacaq. Sadəcə, Neft Fondunun bu dəstəyi imkan verəcək ki, manat tədricən ucuzlaşsın.
Problemin həlli əksdollarlaşma siyasətindədir. Deşikli qaba nə qədər su töksək bir müddətdən sonra qabda yenə də su azalacaq. Ona görə də o deşikləri tutmaq lazımdır. Həmin deşiklər isə bizim nümunədə kapital axını və dollarlaşmadır. Hökumət əsas diqqəti əksdollarlaşma tədbirlərinin gücləndirilməsinə yönəltməldir. Neft Fondunun pulu hesabına valyuta bazarını dollarla təmin siyasəti isə sonda uğursuzluğa düçar ola bilər və təhlükəsizlik yastığının “əriməsinə” gətirib çıxara bilər”. azpolitika.info)