azia.az
azia.az

“Qara bazarı” sıradan çıxarmağın üç yolu...

30-12-2016, 11:09

“Qara bazarı” sıradan çıxarmağın üç yolu...
Ekspert valyuta bazarındakı ajiotajı aradan qaldırmağın üsullarından danışdı

Dövlət Təhlükəsizlik Xidməti ölkə ərazisində valyuta dövriyyəsində manipulyasiya halları və “qara bazar”la mübarizə aparır.

Vaxtaşırı olaraq mətbuatda bir neçə nəfərin saxlanması barədə məlumatlar yayılır. Lakin keçirilən bu inzibati tədbirlərə rəğmən “qara bazar”ı ləğv etmək mümkün olmur. Bəs görəsən, Azərbaycan iqtisadiyyatının üz qarası olan “qara bazar”ı necə ləğv etmək olar? Bunun yolları nədir?

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bunun qarşısını almağın yeganə yolu leqal valyuta satışını bərpa etməkdir: “Əslində ”qara bazar"ın yaranması hər hansı ölkənin iqtisadi sisteminin, bank sisteminin üz qarasıdır, ayıbıdır. Normal bank sistemi olan ölkələrdə “qara bazar” yarana bilməz. Belə bir fəsad varsa, deməli, problemin kökündə iqtisadi sistemdəki çatışmazlıqlar dayanır. Bunu maliyyə sistemində axtarmaq lazımdır. Bunun həlli yolları da çox bəsitdir. Valyutadəyişmə məntəqələri mənasız yerə bağlandı, bu heç bir effekt vermədi. Halbuki bağlanarkən belə bir bəyanat olmuşdu ki, bu ajiotajın qarşısını almaq üçün atılan bir addımdır. Əksinə, bu addım ajiotajı daha da artırdı, ölkəyə gələn xaricilər üçün, xüsusən də turistlər üçün çox böyük problemlər də yaşatdı. Bu problemin həlli yollarından biridir. Valyutadəyişmə məntəqələri sərbəst fəaliyyət göstərməlidir".

Problemin ikinci həlli yolunu göstərən ekspert qeyd etdi ki, Mərkəzi Bankın banklar üçün formal olaraq qoyduğu 4 faizlik məzənnə marjını ləğv etmək lazımdır: “Bu mənasız bir addımdır və ən azından indiki dövrdə bu ajiotajın yatırılması üçün bu qayda ləğv edilməlidir. Banklar üçün şərait yaradılmalıdır. O zaman banklarda dollar satışı arta bilər.

Üçüncü addım kimi, hərraclara çıxan oyunçuların sayını artırmaq lazımdır. Bu sonuncu addım uzun zaman ala biləcək bir məsələdir. Azərbaycan hökuməti vaxtında addımlar atmadığı üçün belə bir hal yarandı. Mərkəzi Bank artıq bir oyunçu kimi geri çəkilib. Artıq bu qurum hərraclara müdaxilə etmir. Yalnız Neft Fondu valyuta satır. Ona görə də qıtlıq yaranır. Əgər bazarda ikinci, üçüncü güclü oyunçular yaranmasa, bu prosesin davamlı şəkildə getməsi ehtimalı var. Çünki bazarda yeganə oyunçu Neft Fondudursa, onun da bazara valyuta çıxarmaqla bağlı bəlli həddi var. Məsələn, gələn il DFN-in 4 milyard dollara yaxın valyuta satmaq üçün icazəsi var. Tələb bundan çox olsa nə baş verəcək?"

N.Cəfərlinin fikrincə, “qara bazar”ın ləğv edilməsinin yeganə yolu iqtisadi yoldur:

“Həbslərə, təqiblərlə bunun qarşısını almaq mümkün deyil. Bunu heç SSRİ də bacarmadı. Azərbaycan da bacarmayacaq. Çünki tələb olan yerdə hər zaman təklif də olur. Mütləq şəkildə «qara bazar»ı yaradan iqtisadi səbəblər aradan qalxmalıdır. Bu, investorları da ciddi şəkildə qorxudan məsələdir. Azərbaycan hökuməti hələ ki bunu anlamır. Amma xarici yatırımçılar üçün valyutaya çıxış imkanlarının sərbəst olması, pul köçürmələrinin sərbəst olması əsas şərtlərdən biridir. Belə vəziyyətdə olan ölkəyə heç bir investor gəlməz”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi