azia.az
azia.az

Banklar niyə dollar satmır və yaxud Maliyyə Bazarlarına Nəzarət Palatası öz vəzifəsinin öhdəsindən gəlirmi?

24-12-2016, 14:08

Banklar niyə dollar satmır və yaxud Maliyyə Bazarlarına Nəzarət Palatası öz vəzifəsinin öhdəsindən gəlirmi?
Əkrəm Həsənov: “Hər iki halda devalvasiya qaçılmazdır. Manatın real dəyəri xeyli aşağıdır, buna görə də heç kəs dollarını ucuz satmaq istəmir.”

“Manatın real dəyəri xeyli aşağıdır, buna görə də heç kəs dollarını ucuz satmaq istəmir”.

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov bankların dollar satmamasına münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bu ayın əvvəlində Mәrkәzi Bankının sәdri Elman Rüstәmov Mәrkәzi Bankən Maliyyә Bazarlarına Nәzarәt Palatası vә müvafiq hüquq-mühafizə orqanları ilə birlikdə “qara bazar”a qarşı ciddi mübarizә apardığını bəyan edib. Lakin hökümət “qara bazar”a qarşı mübarizə apardığını elan etsə də, banklar hələ də dollar satmırlar. İlin sonunda, adətən bir çox xarici borcların bağlandığı zaman bankların israrla dollar satmaqdan imtina etməsi nəylə bağlıdır? Nəyə görə hökümət və Mərkəzi Bank dollar satmaqdan imtina edən banklara qarşı tədbirlər həyata keçirmir? Eyni zamanda maliyyə bazarında nəzarəti həyata keçirən Maliyyə Bazarlarına Nəzarət Palatası öz vəzifəsinin öhdəsindən gəlirmi və bankların dollar satmamasının qarşısını bu qurum hansısa inzibati yollarla ala bilərmi?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı bank üzrə ekspert Əkrəm Həsənova müraciət edib.

Image result for əkrəm həsənov

Əkrəm Həsənov: “Sərbəst bazar olmayınca, qara bazar onsuz da olacaq”.

Mərkəzi Bankın banklara tələb olunduğu həcmdə dollar satmadığını qeyd edən Əkrəm Həsənova görə, banklar aldıqları məhdud dollar həcmi ilə öz borclarını ödəyə bilirlər:

“Ümumən bankı valyuta mübadiləsi əməliyyatına məcbur etmək olmaz. Bazar iqtisadiyyatdır, kimə necə sərf edirsə, qanun çərçivəsində elə də edir. Mərkəzi Bank banklara tələb olunduğu həcmdə dollar satmır, çünki iqtisadi baxımdan ehtiyatlarının əriməsini istəmir, sosial səbəblərdən dolayı kəskin devalvasiyaya getməkdən qorxur. Banklar aldıqları məhdud dollar həcmi ilə nə edir? Əvvəla, banklar həmin dollarla öz dollar borclarını, xüsusilə xaricə ödəyirlər. Digər tərəfdən, banklar ilk növbədə iri müştərilərini dollarla təmin edir. Söhbət hüquqi şəxs olan müştərilərdən və fərdi sahibkarlardan gedir. Təbii, onlar dolları bankdan imtiyazlı şəkildə alırlar. Digər müştərilərə isə dollar sadəcə olaraq qalmır. Qalsa da, banklar onları saxlayır ki, qaçılmaz olan devalvasiyadan qazansınlar.

Vəziyyətdən 2 çıxış yolu var: ya Mərkəzi Bank kəskin devalvasiyaya gedir və artıq yeni yüksək məzənnə ilə bankları dollarla tam təmin edir, ya da manatı tam sərbəst buraxır və onun məzənnəsini bazar müəyyən edir. Yəni banklar istədiyi məzənnə ilə tam sərbəst valyuta alıb sata bilir. Göründüyü kimi, hər iki halda devalvasiya qaçılmazdır. Manatın real dəyəri xeyli aşağıdır, buna görə də heç kəs dollarını ucuz satmaq istəmir. Sərbəst bazar olmayınca, qara bazar onsuz da olacaq. Kiçik alverçiləri tutmaqla məsələ həll olunmayacaq”.

Əkrəm Həsənov: “Nəzarət Palatası vəzifələrinin öhdəsindən gəlmir”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinə də münasibət bildirən Əkrəm Həsənovun dediyinə görə, palatanın işinə mane olanlar olduğununa görə qurum öz vəzifəsinin öhdəsindən gələ bilmir:

“Nəzarət Palatası vəzifələrinin öhdəsindən gəlmir. Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəbi odur ki, bu yeni qurumdur, tam formalaşmayıb, vəziyyət isə çox gərgindir, səhvsiz ötüşmək mümkün deyil. Amma subyektiv səbəblər daha çoxdur. Əvvəla, Palatanın işinə mane olanlar az deyil. Başda Mərkəzi Bank olmaqla. Nəzarət səlahiyyətini itirmiş Mərkəzi Bank rəhbərliyi yalnız qısqanclığa görə deyil, həm də əvvəlki illərdə törətdiyi pozuntuların üstünü ort-basdır etmək üçün Palatanın səmərəli fəaliyyətində maraqlı deyil.

Digər tərəfdən, Palata dövlətdən maliyyə almır, sırf nəzarət etdiyi qurumlar hesabına dolanır və onlardan asılıdır. Daha sonra Palatanın idarəetmə strukturu çox mürəkkəbdir və ikitirəlik üçün şərait yaradır: Direktorlar Şurası və İdarə Heyəti var. Palatanın kadr potensialı zəifdir. Nəhayət, Palatada işləyənlərin xeylisi banklarla sıx bağlı olan adamlardır, Buna görə də obyektiv işləyə bilmirlər. Bütün bunlar banklar üzərində səmərəli nəzarətə, o cümlədən, valyuta əməliyyatları üzrə imkan vermir”.

Gülşən ŞƏRİF


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi