Hökumət bankların müdafiəsinə qalxdı
Bank əməliyyatları üzrə qanunvericilikdə qeyri-müəyyənliklər mövcuddur. Məhkəmə qərarlarının icrası üsullarının təfərrüatlı olmaması fərqli şərhlərə şərait yaradır ki, bu da müvafiq qərarların icra olunmasını çətinləşdirir.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu barədə “Strateji Yol Xəritəsi”ndə bildirilir.
Belə ki, məhkəmələr borcun ödənilməsi üsullarını müəyyən etməkdə çətinlik çəkir (məsələn, əməkhaqqı, vəsaitin aktivlərdən tutulması və s.).
Bu hal, xüsusilə də mürəkkəb məhkəmə işlərində müşahidə olunur. Bundan əlavə, ləğvetmə prosesi və təminatın rəsmiləşdirilməsi üzrə qanunvericiliyin qeyri-müəyyən olması öhdəliklərin icra müddətinin uzanmasına səbəb olur.
Ləğvetmə prosesində son tarix, qiymətləndirmə ilə bağlı məsuliyyət bölgüsü və prosedurlar, prioritetlərin təsnifləşdirilməsi, aktivlərin satışı və s. məsələlərin qanunvericilikdə dəqiq müəyyən olunmaması məhkəmə qərarlarının icrasını ləngidir və ziddiyyətlər yaradır. Məhkəmə prosesləri müxtəlif etirazlar vasitəsilə asanlıqla uzadıla bilər.
Borcalan satışa çıxarılan aktivlərin qiymətləndirilməsi ilə razı olmadığı təqdirdə, əmlakın satılması üzrə hərrac dəfələrlə təxirə salına bilər.
Bundan əlavə, məhkəmə işlərinin çox olması və son tarixlərin dəqiq müəyyən edilməməsi səbəbindən maliyyə məsələləri üzrə məhkəmə qərarlarının icrası gec həyata keçirilir.
Bu şəraitdə məhkəmə icraçıları müəyyən işləri prioritetləşdirirlər ki, bu da digər işlərin icrasının qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur.
Bütövlükdə, kreditorların hüquqlarının müdafiəsi mexanizmlərinin qənaətbəxş səviyyədə olmaması və məhkəmə qərarlarının icrasında intizamın nisbətən aşağı olması riskləri daha da artırmaqla, maliyyə institutlarının xərclərini yüksəldir.
Tələbin təminata yönəldilməsi prosedurlarının uzun olması və bu prosesin nisbətən yüksək xərclər hesabına başa gəlməsi maliyyə vasitəçiliyini məhdudlaşdırır.
U.A.