“Türk axını”na qarşı olan ABŞ rəsmisi yenidən Bakıda
Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokstaynın səfəri Qərbin Cənub Qaz Dəhlizi layihəsinə dəstəyini bir daha ifadə etmək məqsədi daşıyır
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 15-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ABŞ-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub. Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.(AzərTAc).
Amos Hokstayn Barak Obama administrasiyasında enerji məsələləri üzrə əsas fiqurlardan biri kimi tanınır. O, Azərbaycanda bir neçə dəfə səfərdə olub və 2014-cü il sentyabrın 20-də Səngəçal terminalında “Cənub qaz dəhlizi”’nin təməlqoyma mərasimində iştirak və çıxış edib. Hokstayn Azərbaycan prezidentinin bu layihənin reallaşmasında göstərdiyi mövqeyi həmişə təqdir edib.
Maliyyə naziri Samir Şərifov, Dövlət Neft Fondu və “Cənub Qaz Dəhlizi” QSC-nin nümayəndələrindən ibarət heyət bu ilin 6-7 oktyabr tarixində Vaşinqtonda bu layihənin maliyyələşməsinə həsr olunan konfransda Amos Hokstaynla görüşmüşdülər. Bu görüşlərdə ikitərəfli ticari-iqtisadi əməkdaşlığın inkişafı, enerji sahəsində iki ölkə arasındakı ənənəvi strateji əməkdaşlığın davam etdirilməsi, o cümlədən Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı ABŞ hökumətinin verdiyi dəstək müzakirə edilib.
Səfəri diqqətçəkən edən xüsusi bir nüans da var ki, onu qeyd etmək lazımdır.
Məlumdur ki, 2014-cü ilin sentyabrında Cənub Qaz Dəhlizi layihəsinin əsası qoyulduqdan 3 ay sonra Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfərində Rəcəb Tayyib Ərdoğanla birgə “Türk axını” layihəsini elan etdilər.
Qərbdə TAP-a alternativ proyekt kimi görünən “Türk axını”nın reallaşmaması üçün ABŞ dərhal hərəkətə keçdi ki, bu danışıqlarda da əsas fiqur məhz Hokstayn oldu. Məsələn, Hokstayn Avropa Birliyinin iradəsinin əksinə olaraq “Türk axını”na qoşulmağa qərarlı olan Yunanıstanla bir neçə ay gərgin danışıqlar apardı. Danışıqlardan sonra Hokstayn hətta açıq bildirmişdi ki, ABŞ Yunanıstanı “Türk axını” layihəsindən imtina etməyə çağırıb. Diplomat demişdi ki, “”Türk axını" iqtisadi əsası olan layihə deyil və açıq-aşkar siyasi mahiyyət kəsb edir".
Image result for Türk Axını
Məlum təyyarə məsələsindən sonra Rusiya ilə Türkiyənin münasibətlərinin pozulması bu layihəni durdurdu. Amma münasibətlərin bərpasından dərhal sonra Rusiya və Türkiyə bu ilin oktyabr ayının 10-da “Türk axını” dövlətlərarası layihəsinin reallaşdırması üzrə müqavilə imzaladılar.
Razılaşma Qara dənizin dibindən hərəsinin gücü 15,75 milyard kub metr qaz ötürməyə imkan verən magistral qaz kəmərinin iki qolunun tikintisini nəzərdə tutur. Kəmərin bir qolu qazın türk bazarına çatdırılması üçün, digər qol isə Türkiyənin ərazisi vasitəsilə Avropa ölkələrinə tranzit qazın çatdırılması üçün nəzərdə tutulub. Dövlətlərarası razılaşmada həmçinin hər iki qolun 2019-cu ilin dekabrınadək tikilib başa çatdırılacağı müəyyən edilib.
Rəsmi Bakının bu proyektlə bağlı mövqeyinə gəlincə, prezident İlham Əliyev ötən ay “sputnik” agentliyinə müsahibəsində bu barədə açıq fikir bildirib. “Bakı Rusiya-Türkiyə layihəsi olan ”Türk axını" qaz kəmərinin bərpasından məmnundur. O, regionda əməkdaşlığı və təhlükəsizliyi möhkəmləndirəcək" deyən dövlət başçısı əlavə edib ki, “qonşularımız və dostlarımız tərəfindən həyata keçirilən layihələrə, o cümlədən, ”Türk axını" layihəsinə ancaq şad ola bilərik".
Çünki bu, regionda qarşılıqlı əməkdaşlığı və təhlükəsizliyi möhkəmləndirir, ölkələrə regionda daha çox öz iqtisadi və enerji maraqlarını təmin etməyə imkan verir. Buna görə ”Türk axını" layihəsini biz həmişə dəstəkləmişik və müəyyən müddətdən sonra bu layihənin yenidən dirçəlməsindən məmnunuq". Böyük ehtimalla Hokstaynın bu səfəri “Türk axını” ilə bağlı dövlətlərarası müqavilə imzalandıqdan sonra Cənub Qaz Dəhlizi layihəsinə ABŞ-ın ciddi dəstək verdiyini bir daha nümayiş etdirmək məqsədi daşıyır. (musavat.com)