Hökumət camaatdan kəsib özünə xərcləyib
İqtisadçı ekspert dövlətin idarəetmə xərclərinin 60 faizdən çox artıdığını üzə çıxardıQubad İbadoğlu: «Deməli ölkədə qənaət rejiminə keçidlə bağlı deyilənlər yalnız təbliğat xarakteri daşıyır»
«Hazırda hökümətin qarşısında duran başlıca hədəf çevik və rasional idarəetmənin, səmərəli dövlət tənzimlənməsinin, yetkin bazar münasibətlərinin qurulması, rəqabətin və innovativ fəaliyyətin dəstəklənməsi yolu milli iqtisadiyyatın strukturunu təkmilləşdirmək və ixrac yönlü qeyri-neft sektorunun inkişafına nail olmaqdır. Lakin statistik rəqəmlər göstərir ki, bu il ərzində büdcə xərclərinin səmərəliliyini artırmağı qarşısına "taleyüklü" vəzifə kimi qoyan hökümət yenə də israfçılıqla məşğuldur». Bizimyol.info xəbər verir ki, bu fikirləri İqtisadi Təqdiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu sosial şəbəkədəki hesabında paylaşıb. Ekspert Dövlət Statistika Komitəsinin açıqlamalarına istinad edərək bildirib ki, 2016-cı ilin yanvar-avqust aylarında ümumi dövlət xidmətləri xərcləri ötən illə müqayisədə 60,1 faiz çox icra olunub. «Nəticədə bu ilin ilk 8 ayında ümumi dövlət xidməti üzrə xərcləmələlər ötən ilə nisbətən 617 milyon manat çox olub. Belə ki, əgər ötən ilin 8 ayında bu məqsədlə 1 milyard 9 milyon manat vəsait xərclənmişdirsə, bu ilin yanvar-sentyabr aylarında büdcəsinin xərcləmələri 1 milyard 616 milyon manata çatıb. Beləliklə də cari ilin 8 ayında büdcə vəsaitlərinin 17,3 faizi və ya hər 5 manatdan 1 manata qədəri ümumi dövlət xidmətləri xərclərinin maliyyələşdirilməsinə yönəldilib.
Artımın struktur təhlili göstərir ki, onun 10 faizə qədəri beynəlxalq təşkilatlara üzvlük haqqı üzrə manatla ifadə olunan maliyyə öhdəliklərinin çoxalmasına görədir, eləcə də artımdan məhkəmə hakimiyyəti, hüquq - mühafizə və prokurorluq orqanlarına cüzi pay düşüb, lakin ondan ən çox bəhrələnən mərkəzi və yerli icra hakimiyyətləri və qanunvericilik hakimiyyəti olub.
Çox təzadlıdır, elə deyilmi? Maliyyə çətinliyi ilə qarşılaşan, buna görə də inkişaf yönlü istiqamətlərə vəsait ayrılmasını kəskin ixtisar edən, əhaliyə "kəmərləinizi sıxın" mesajlari verən, bahalı «Mercedes»dən düşüb ucuz NAZ-Lifana minən hökümət nədən ümimi dövlət xidməti funksional xərc maddəsini keçən ilə nisbətən 60 faizdən çox vəsait ayırır? Nə baş verdi? Axı, əksinə baş verənlər bu xərc maddəsi üzrə azalmanı şərtləndirməli idi, çünki yeni yaranan strukturlar köhnələrin ləğvinə gətirib çıxarmışdı. Diqqət edin, yalnız Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yarannması Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Dövlət Sığorta Nəzarəti Xidmətinin və Maliyyə Monitorinqi Xidmətinin ləğvini şərtləndirib, bəs onda nədən belə struktur dəyişikliklərinin nəticəsi büdcədə görsənmir?».
Q.İbadoğlu qeyd edib ki, büdcənin əksər xərclərinin ixtisar olunduğu dövrdə idarəetmə aparatının saxlanması xərclərinin 60 faizdən çox artması hökümətin struktur islahatları və qənaət rejiminə keçidlə bağlı səsləndirdiyi fikirlərə kölgə salır. «Əslində idarəetmədə struktur islahatları və qənaət rejiminə keçidin ilkin nəticələri özünü büdcənin idarəetmə xərclərinin azalmasında təcəssüm etdirməlidir. Əksinə büdcə rəqəmləri göstərir ki, höküməti idarə edənlər iqtisadi böhran dövründə izafi xərclərini ixtisar etmək əvəzinə onu artırırlar, bir sözlə ölkənin inkişafına yönələn vəsaitdən kəsib özlərinin sosial-maddi təminatına yönəldirlər. Deməli ölkədə qənaət rejiminə keçidlə bağlı deyilənlər daha çox siyasi bəyanatlar üçündür, yalnız təbliğat xarakteri daşıyır. Əgər belə olmasaydı, bu ilin 8 ayında ötən ilə nisbətən ümumi dövlət xidmətinə 60,1 faiz çox, iqtisadiyyatın maliyyələşdirilməsinə 62 faiz az vəsait ayrılmazdı»-deyə ekspert vurğulayıb.