Dünyada bir ildə 100 milyon “ağıllı” televizor satılıb - İLK DƏFƏ
İHS şirkətinin analitikləri hesablayıb ki, 2015-ci ildə bütün dünya üzrə 100 milyondan artıq “ağıllı” televizor satılıb.
İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, bu həddə bu seqment ilk dəfə nail olub.
Xüsusilə də maliyyə ilinin dördüncü rübündə tədarükün 48,5 faiz artdığı və 34,2 milyon ədədə çatdığı qeydə alınıb. Bu il üçün isə analitiklər 109 milyon ədəd televizorun satılacağını proqnozlaşdırırlar. 2020-ci ildə illik tədarük 134 milyon ədədə çatacaq.
Ötən il Çin bazarında alınan hər bir dördüncü televizor “ağıllı” televizor olub. Şimali Amerikada isə belə cihazların satışı daha əvvəlki ildəki 36 faizə nisbətdə ötən il 48 faiz təşkil edib. Bu da müxtəlif televiziya xidmətləri axınının populyarlığı ilə bağlıdır.
Bununla belə, müqayisə üçün bildirək ki, Avropa və Yaponiyada “ağıllı” televizorlar bazarı hətta bir qədər azalıb.