Dollarla kreditlərin dayandırılmasına dair yeni MƏLUMAT
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair əlavə məlumat açıqlayıb.
Palatadan “APA-Economics”ə verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının iclasının qərarı ilə 5 aprel 2016-cı il tarixdən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün kredit təşkilatları tərəfindən xarici valyutada istehlak kreditlərinin verilməsi bir ay müddətinə dayandırılıb: “Açıqlanması üçün bir sıra müraciətləri nəzərə alaraq bildiririk ki, qadağa tədbiri istehlak kreditlərinin bütün növlərinə şamil edilir. Bütün növ istehlak kreditlərinə kart, avtomobil, əmanətə bağlı, tam və ya qismən təminatlı və s. növ kreditlər daxildir. Bu növ kreditlərin restrukturizasiya edilməsi (müqavilə şərtlərinin dəyişdirilməsi və ya yeni öhdəlik kimi rəsmiləşdirilməsi) qadağanın əhatə dairəsindədir”, -deyə məlumatda vurğulanıb.