Sadə kənd evində yaşayan, qeyri-adi inancı olan prezident…
Siyasətə məktəb müəllimliyindən gələn Latviya lideri
News.ru, (Rusiya)
Latviya lideri Raymond Veyonis 1966-cı ildə Pskov vilayətinin Nikonovo kəndində anadan olub. Ölkə müstəqillik qazanandan sonra hökumət sovetlərdən qalan mirasdan, eləcə də rus dilindən və Rusiyaya bağlı hər şeydən qurtulmağa çalışırkən hazırkı prezident soy-kökünü danmağa çalışmır. Rəsmi saytında Veyonisin doğulduğu yer xüsusi qeyd olunub.
Raymond Veyonis atasının sovet ordusunda xidmət etdiyini, anasının da milliyyətcə rus olduğunu da gizlətmir. “Əslində hər şey çox sadədir. Atamı sovet dövründə hamı kimi orduya çağırdılar və Pskov dairəsinə göndərdilər”, – deyə Latviya lideri müsahibələrində bu məqama belə aydınlıq gətirib.
Veyonis həm latış, həm də rus dilini eyni dərəcədə doğma hesab edir. Dövlət başçısı postunu tutandan sonra özündən əvvəlki prezidentlərdən fərqli olaraq rus dilində də müsahibələr verib. Bildirib ki, jurnalistlər üçün hansı dil rahatdırsa, o dildə də suallarını verə bilərlər.
Veyonis eyni zamanda ingilis dilini də mənimsəyib. Onu həm sovet dönəminin beynəlmiləl ruhu, həm də indiki dövrün praqmatik siyasətçisi hesab etmək olar.
Kiçik yaşlarından yüksək dövlət vəzifələri tutana qədər Latviyanın şərq hissəsinin mərkəzində yerləşən Madon rayonunda yaşayıb. Məktəbə getmək üçün hər gün yaşadığı balaca Sarkoni qəsəbəsindən rayon mərkəzinə qədər 4 kilometrlik məsafəni piyada qət edirdi. Bu yol vəhşi heyvanların da olduğu meşədən keçirdi.
Latviya lideri danışır ki, aşağı siniflərdə oxuduğu illərdə bir dəfə canavarın parıldayan gözlərini görüb.
Gələcək prezidentin ən çox sevdiyi fənn biologiya idi. Bu fənnə marağı onda müəlliməsi Dayla Semberq yaratmışdı. Müəllimə Raymondu müxtəlif olimpiadlarda iştirak etməyə həvəsləndirirdi.
Raymondun babası pensiyaya çıxmağa macal tapmamış görmə qabiliyyətini itirib. Buna səbəb çalışdığı tarlalara səpilən kimyəvi maddələr idi. Bütün bunların, həmçinin yaşadığı kəndinin yaxınlığında bataqlıqların qurudulmasının Raymond Veyonisin gələcəkdə peşə seçimində və siyasi baxışlarında böyük rolu olmuşdu.
Attestatını alandan sonra ixtisas seçimi üzərində baş sındırmayaraq Latviya Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub. Paralel olaraq da öz rayonunda – oxuduğu məktəbdə biologiyadan dərs deməyə başlayıb.
1989-cu ildə ali məktəbi başa vuraraq diplomunu alıb. Həmin dönəmdə ölkənin SSRİ-dən çıxmaq cəhdləri ilə əlaqədar Latviyada siyasi durum gərginləşmişdi. Gənc Raymond da siyasi proseslərə qoşulur. Özünü nə solçu, nə sağçı, nə mühafizəkar, nə də milliyyətçi adlandırırdı. “Yaşıllar partiyası”na üzv olan Raymond özünü ekologiyanın müdafiəçisi kimi görürdü. Mitinqlər əvəzinə, təbiətlə bağlı müxətlif aksiyalara qatılırdı.
Siyasi karyerasını doğulduğu rayonda qurmağa başlayıb. Ətraf mühit regional idarəsində direktor müavini postunu tutub. Eyni zamanda yerli rayon sovetliyinin deputatı olub.
Siyasi həyatda iştirakı onu təbiət elmlərindən uzaqlaşdırmır. 1993-cü ildə Texnologiya Universitetinə (su və ətraf mühit mühəndisliyi) qəbul olunur və buranı başa vuraraq ikinci diplomunu alır.
Riqada yaxşı ekologiya uğrunda mübarizə, parlamentə çoxsaylı seçimlər, ətraf mühiti müdafiə naziri postunda keçən illər… Bütün bu illər ərzində Raymond GMO-lu (Genetik modifikasiya edilmiş) məhsullara qarşı mübarizə aparırdı.
2014-cü ildə Raymond Veyonis gözlənilmədən müdafiə naziri təyin olunur. 2015-ci ildə isə Latviya Seyminin deputatları onun prezident postunu tutmaq üçün kompromiss fiqur olduğunu bəyan edirlər.
Raymond gələcək həyat yoldaşı İveta ilə məktəbdə tanış olub. Onlar eyni sinifdə oxuyublar. 20 yaşları olanda evləniblər. O vaxtdan bəri İveta hər yerdə ərini müşayiət edir. Baxmayaraq ki, özü üzdə olmağı xoşlamadığını deyir.
Stilistlərin dediynə görə, birinci ledi həmişə yaxşı geyinir və yaxşı makiyaj edir. Buna baxmayaraq, özü haqda açıqlamalarında həmişə təvazökar olur. Və yalnız evdar xanım və məsləhətçi olduğunu deyir.
2014-cü ildə Raymond Veyonisin adı qalmaqala qarışır. Həmin vaxt Raymond müdafiə naziri postunu tuturdu. Seymə keçirilən seçkilərin gecəsi jurnalistlər Veyonisin Egita Kazeka adlı xanımla söhbət etdiyini görüblər. Bu xanım Raymondun şəxsi bürosunun rəhbəri idi. Bir neçə gün sonra ikili birlikdə Mərkəzi Afrika respublikasına ezamiyyətə yollanıb.
Mətbuatın bu məsələni gündəmə gətirdiyini görən Veyonis xaricdən yazılı ismarıc göndərməli olur: “Mən ailəli adamam və həyat yoldaşım İvetanı sevirəm”.
Bu hadisədən sonra Raymond söz verir ki, bütün səyahətlərinə yalnız xanımı ilə gedəcək.
Latviya lideri deyir ki, iş qrafiki sıx olduğu üçün xanımı ilə gənckən olduğu kimi, rəqs dərnəyinə gedə bilmir. Lakin bunu çox istəyərdi. Çünki klassik musiqi sədaları altında İveta ilə rəqs etməyi çox sevir.
Cütlüyün iki oğlu var – İvo və Nauris. Oğlanların hər ikisi ailəlidir. İvonun Valter adlı oğlu var.