azia.az
azia.az

Ermənistanın Avrasiya İqtisadi İttifaqında son iki ildəki “uğurları”

2-01-2017, 13:03

Ermənistanın Avrasiya İqtisadi İttifaqında son iki ildəki “uğurları”
Ermənistanın “Məlumatlı vətəndaşlar birliyi” təşkilatı son iki ildə ölkədə nələrin dəyişdiyini yekun rəqəmlərlə yoxlamağa qərar verib

Musavat.com həmin məlumatlarla bağlı Ermənistan KİV-lərində dərc olunan yazını təqdim edir.

Ermənistanın Rusiya tərəfindən yaradılan Avrasiya İqtisadi İttifaqının üzvlüyünə qəbul olunmasından 2 il ötür. Həmin dövrdə Ermənistanın İttifaqa üzvlüyü siyasi rəhbərlik tərəfindən ölkənin siyasi və iqtisadi maraqları, habelə təhlükəsizliyinə yönəlik təhdidlərin mövcudluğu ilə izah edilirdi.

Lakin rəqəmlərə baxılsa qonşu ölkədə son iki ildə işlər tam neqativ yöndə cərəyan edib. Əgər 2014-cü ildə Ermənistanın ümumdaxili məhsulu (ÜDM) 11,6 milyard ABŞ dolları təşkil edirdisə, 2016-cı ildə bu rəqəm Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsasən 10,7 milyard dollara qədər geriləyib. Bundan başqa Ermənistanın beynəlxalq valyuta ehtiyatlarında da azalma müşahidə edilib. Əgər 2014-cü ildə qonşu ölkənin ehtiyatları 1,8 milyard dollar civarında dəyərləndirilirdisə, hazırda Ermənistan Mərkəzi Bankının məlumatlarına əsasən bu göstəricilər 1,7 milyard dollardan da azdır.

Ən böyük düşüş isə Ermənistanın xarici ticarət dövriyyəsində yaşanıb. İdxalat 2014-cü illə müqayisədə, 2016-cı ildə 28 faiz azalıb. Doğrudur, eyni dövrdə ixracat 16% artsa da bu, Ermənistanın xarici ticarətdə mövqelərinin güclənməsi ilə bağlı deyil. İxracatın artması əsasən Rusiya və Türkiyə arasında yaşanan böhran zamanı Türkiyədən Ermənistana idxal edilən malların erməni məhsulları adı altında yenidən Rusiyaya göndərilməsi ilə izah edilir.

Əgər ixracatdakı “türk axını”ın payı çıxılsa, oz zaman bu sahədə də ciddi geriləmənin olduğunu söyləmək olar. Bununla bərabər Ermənistanın xarici borcları xeyli artıb. Cəmi iki il bundan öncəyədək bu rəqəm 4,4 milyard dollar təşkil edirdi. Hazırda isə ölkənin xarici borcları 25% artaraq 5,6 milyard dollara gəlib çatıb.

Təhlükəsizlik sahəsində də ermənilər vəziyyətin ağırlaşdığını xəbər edirlər. Erməni KİV-lərinin məlumatına görə, 2015-ci illə müqayisədə atəşkəs rejiminin pozulması hallarında 103%-lik artış var. 20 il ərzindəki pauzadan sonra isə ilk dəfə artilleriya yaylım atəşləri bərpa olunub. Erməni rəqəmlərinə görə, təkcə aprel döyüşlərində Ermənistan 100-dən çox itki verib. Ermənilər cəbhə xəttində 2014-cü ildə 26, 2015-ci ildə 40, 2016-cı ildə isə 110-dan çox əsgər itirdiklərini yazırlar.

Mətbuatın yazdığına görə, Ermənistanda demokratik islahatlarla bağlı vəziyyət də qənaətbəxş sayıla bilməz. “Məlumatlı Vətəndaşlar Birliyi”nin dərc etdiyi yazıda Ermənistanda bu sahədə gedən prosesdə lənglik müşahidə olunsa da müəyyən müsbət addımların atıldığı qeyd olunur.

Lakin yazıda 2015-ci ildə tam əks mənzərənin hökm sürdüyü də göstərilib. Həmin il dekabrın 6-da konstitusiya islahatları ilə bağlı keçirilən referendum zamanı keçmiş seçkilərdə istifadə olunan bütün saxtakarlıq metodlarının işə salındığı, müxalifət nümaəyndələrinə və müşahidəçilərə qarşı zorakılıq tətbiq edildiyi xüsusilə vurğulanır. Bundan başqa 2014-cü ildə polis mitinq və nümayişlərdə cəmi 53 vətəndaşı həbs edibsə, 2015-ci ildə bu rəqəm 7 dəfə artaraq 380 nəfərə çatıb. 2016-cı ildə isə etiraz aksiyaları zamanı 900-dən çox erməni vətəndaşı həbs edilib.

Əgər əvvəllər aksiyalarda tutulan nümayişçilər bir neçə saat sonra azad edilirdisə, 2016-cı ildə yüzlərlə etirazçının günlərlə təcridxanalarda saxlanması faktları qeydə alınıb. 20 dinc müxalifətçi isə hələ də dəmir barmaqlıqlar arxasında saxlanılır.

2015-ci ilin iyununda polis dinc nümayişlərin dağıdılması zamanı zor gücündən və su maşınlarından istifadə edirdisə, 2016-cı ildə gözyaşardıcı qazlar, səs bombaları işə salınıb. Nəticədə jurnalistlər də daxil olmaqla, 100-dən çox insan müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi