Titanik batanda sərxoş olub sağ qalan aşpazın qəribə hekayəsi
Titanik gəmisindən sağ qurtulan baş aşpaz Çarlz Cokinin maraqlı xilas hekayəsini diqqətinizə çatdırırıq.
Çarlz Cokin 1878-ci ildə İngiltərədə dünyaya gəlib. 11 yaşından qardaşları ilə birlikdə dənizdə işləməyə başlayır; Titanik gəmisi isə onun həyatının dönüş nöqtəsinə çevrilir.
Saat 23:40 radələrində toqquşmanın təsirindən oyanan Çarlz matrosların ora-bura qaçdığını görür və soyuqqanlı davranaraq onlara rəhbərlik etmək qərarı alır.
Əvvəlcə əllidən çox çörəyin xilasedici salların üzərinə qoyulması əmrini verir. İşçilərinə tapşırıqlar verdikdən sonra sakitcə otağına qayıdır və uzun müddətdir saxladığı içkisini içir. Ardınca xilasedici qayıqlardan birinə minmək üçün yola düşür.
Amma qayığa minmir və sərnişinlərin qayıqlara mindirilməsinə kömək edən komandaya yardım göstərir, sonra otağına qayıdır və içki içməyə davam edir.
Su içmək üçün göyərtənin altındakı anbara gedən vaxt Titanikin ikiyə bölünmə səsini eşidir. Gəmidəki hər kəsin özünü itirdiyi vaxtda o, qətiyyən həyəcanlanmır.
Gəmidən tullanan bir çox insan üçün -2 dərəcə soyuq suya çırpılmaq bədənə minlərlə iynənin batması effektini verir və əksəriyyəti bu şokun təsirinə dözməyib bir neçə dəqiqəyə boğulur. Çarlz üçün isə vəziyyət belə olmur, saatlarla soyuq suda əllərini və ayaqlarını hərəkət etdirərək suyun üstündə qalmağı bacarır.
Günəş çıxmağa başlayanda xilasedici qayıq görür və ona sarı üzür. Amma qayıqda ona yer olmadığını görüb bir neçə dəqiqə sonra gələn təknəyə minir və beləcə xilas olur. Möcüzəvi şəkildə bir neçə saat soyuq suda qalmasına baxmayaraq, yalnız ayaqları şişir. Bədəninin başqa heç bir yeri xəsarət almır.
Titanik faciəsindən xilas olan bir çox insanın əksinə Çarlz dəniz sevgisindən heç vaxt imtina etməyərək I Dünya müharibəsində ticarət donanmasında çörəkçiliklə məşğul olur.
Bir ömür danışa biləcəyi macəralar yaşadıqdan sonra 1956-cı ildə, 78 yaşında vəfat edir.
Çarlzın necə sağ qaldığı hələ də məlum deyil
Ən mümkün ehtimal isə panikadan qaçmağı və suya gec tullanması olaraq görülür. İçdiyi alkoqolun da cəsarətinin və dözümlülüyünün artmasına kömək etdiyi düşünülür. XX əsrin ən böyük fəlakətlərinin birindən xilas olaraq adını tarixə yazdırır. /kulis.az/