azia.az
azia.az

Gələn il Türkiyədə referendum olacaq

15-11-2016, 13:13

Gələn il Türkiyədə referendum olacaq
Ərdoğan prezident idarəçiliyini səsverməyə çıxarır

Türkiyə referenduma doğru gedir. Ərdoğanın səlahiyyətlərini artırmaqdan ötrü, yəqin ki, gələn yaz səsvermə olacaq.

Azadlıq radiosuna istinadən bildiririk ki, Britaniyanın «The Independent» qəzeti analitiklərə əsaslanaraq belə yazır.

Türkiyədə iyulda olan çevriliş cəhdindən sonra fövqəladə vəziyyət hökm sürdüyündən hakimiyyət 10 minlərlə adamı asanlıqla cəzalandırır. Çevriliş cəhdinin arxasında dayanmaqda, ya da dayananlarla əlaqədə suçlandırılan 100 mindən çox adam ya işdən qovulub, ya da həbs edilib. Amma bu ay aparılan həbslər – kürd liderlərinin, müxalif «Cumhuriyet» qəzeti redaktorlarının tutulması, analitiklərin fikrincə, hakimiyyətin xeyli dərinə getdiyini, prezident Rəcəb Tayyip Ərdoğannın vəziyyətdən yararlanaraq, ölkə konstitusiyasını, sistemi dəyişmək niyyətini göstərir.

MHP-NİN DƏSTƏYİ

«The Independent»in yazdığına görə, Türkiyə rəsmiləri hesab edirlər ki, Ərdoğanın dövlət başçısı ofisini kökündən dəyişdirməsi, yaranan durumu qanuniləşdirməsi üçün ölkədə tam bir prezident sisteminin qurulması zəruridir.

Referendum keçirməkdən ötrü Ərdoğanın parlamentdəki çoxluğun razılığına nail olması şərtdir. Buna görə onun ultra-millətçilərin – Milli Hərəkat Partiyasının (MHP) dəstəyinə ehtiyacı var. MHP lideri Dövlət Baxçalı isə hal-hazırda Ərdoğanın çevriliş cəhdindən sonrakı siyasətini tam dəstəkləyənlərdən biridir.

Vaşinqtonda Yaxın Şərq Siyasəti İnstitutunun Türkiyə proqramının rəhbəri Soner Çağaptay AFP xəbər agentliyinə müsahibəsində deyib ki, məhz MHP ilə danışıqlar Ərdoğanın kürdlərin siyasi partiyası ilə PKK qədər sərt davranmasına təkan verib: “Yaxın 6 ay ərzində biz Ərdoğanın sağçı və millətçi proqramla çıxış edən çox güclü şəxsə çevrildiyini görə bilərik”. S.Çağaptayın fikrincə, yaxında Ərdoğan həm dövlətin, həm hökumətin, həm də hakim partiyanın başçısı ola bilər.

TRAMP-dan GÖZLƏNTİLƏR

«Hürriyet» qəzetində Ərdoğana yaxın məqalələri ilə tanınan şərhçi Abdulkadir Selvi isə Türkiyədə aprel, ya da mayda referendum keçiriləcəyini yazır. Onun sözlərinə görə, səsverməyə qoyulacaq əsas məsələ vitse-prezidentin müəyyən edilməsi, parlament və prezident seçkilərinin keçirilməsi olacaq.

Ərdoğan özü də ötən həftə çıxışlarından birində deyib ki, Fransa, ya da Birləşmiş Ştatlardakı kimi prezident sistemi Türkiyənin daha sürətlə inkişafına imkan verər.

Amma parlamentdə MHP-dən sonra 3-cü yerdə olan HDP (kürdlərin Xalq Demokratik Partiyası) dəyişikliklərin müxalifəti boğmaq məqsədi daşıdığına əmindir. HDP-nin hazırda həbsdə olan lideri Səlahaddin Dəmirtaş dəyişikliklərə qarşı çıxan əsas fiqurlardan biridir. Onun müavini Hişyar Özsoy deyib ki, Ərdoğan HDP-ni məhz sistemi dəyişməyə əngəl olduğuna görə aradan qaldırmağa çalışır.

«The İndependent» qəzeti Ərdoğanın Donald Trampı ABŞ-ın prezidenti seçilməsi münasibətilə təbrik edən ilk liderlərdən olduğunu vurğulayır, Ankaranın Trampdan Obama ilə müqayisədə daha yumşaq yanaşma gözlədiyini yazır. Ancaq «Carnegie Europe» fondundan Mark Pierini qəzetə müsahibəsində buna inanmadığını, Trampın Türkiyədə insan haqları məsələsinə, dəyərlərə fərqli yanaşacağını gözləmədiyini bildirib: “Donald Trampın xarici siyasətinin nədən ibarət olduğunu, eləcə də Türkiyəyə münasibətini hakimiyyətə gəlişindən sonra biləcəyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi