Sabiq baş nazirdən sərt TƏPKİ:“Putin keçmiş SSRİ-nin bərpası istiqamətində...”
ABŞ dövlət katibi Entoni Blinken CNN telekenalına müsahibəsində Rusiyanın geosiyasi baxımdan Sovet İttifaqı dövründə mövcud olan nizamın bərpasına nail olmaq istədiyini bildirib.
O qeyd edib ki, bu, Rusiya prezidenti Vladimir Putinin məqsədlərindən biridir:
“Onun əvvəllər Sovet İttifaqının tərkibində olan ölkələr üzərində təsir dairəsini bərpa etməsi deməkdir”.
Dövlət katibi rəsmi Moskvanın bu istəyinin qəbuledilməz olduğunu vurğulayıb. Xatırladaq ki, ötən il dekabrın əvvəlində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland rəsmi Vaşinqtonun Rusiyanın Sovet İttifaqını yenidən yaratmağa cəhd edə biləcəyindən narahat olduğunu bəyan etmişdi.
Maraqlıdır, rəsmi Moskva həqiqətənmi ABŞ-nin iddia etdiyi kimi keçmiş SSRİ-ni bərpa etmək istəyir? Belə olduğu təqdirdə ölkəmiz üçün hazırda hansı təhlükələr gözlənilir?
Sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn mövzunu “Sherg.az”a şərh edərkən mövcud Rusiya siyasətinə diqqət çəkib:
“Putinin yürütdüyü siyasəti müşahidə etsək, onun SSRİ formasında olmasa da, keçmiş SSRİ sərhədləri daxilində Rusiyanın təsir dairəsini gücləndirmək istədiyini görərik. Rus imperiyasının yeni dövrə uyğun hansısa bir formada bərpası istiqamətində işin getdiyi də göz qabağındadır”.
P.Hüseyn hesab edir ki, indiki rus siyasətini yaxşı bilənlərə Putinin Rusiya dövlətinin mövcudluğunu məhz bunda gördüyü də çox yaxşı məlumdur:
“Biz Azərbaycan siyasətçiləri olaraq əlbəttə ki, buna qarşıyıq”.
Partiya sədrinin fikrincə, türk dövlərləri ya öz ittifaqını yaratmalıdır, ya da hansısa imperiyanın tərkibində müstəmləkə ən yaxşı halda vassal olmalıdır:
“Hazırkı vəziyyəti və Rusiyanın istəklərini nəzərə alıb yürütməli olduğumuz siyasətin strateji hədəflərini müəyyən etməliyik”.