Ərdoğan: “Baydenlə bizimki alınmır, gedişat heç xeyrə əlamət deyil…”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda jurnalistlərlə söhbətində ABŞ prezidenti Cozef Baydenlə münasibətlərinin heç də yaxşı olmadığını deyib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan əvvəlki ABŞ prezidentləri ilə daha yaxşı işlədiklərini bildirib.
“Mənim baş nazir, prezident olaraq 19 ilə yaxındır davam edən idarəçilik həyatımda Amerika ilə olan münasibətlərimizdə gəldiyimiz nöqtə, təəssüf ki yaxşı nöqtə deyil. Mən oğul Buşla yaxşı çalışdım, hörmətli Obama ilə yaxşı çalışdım, hörmətli Trampla yaxşı çalışdım, amma hörmətli Baydenlə yaxşı başladıq deyə bilmərəm”,-Ərdoğan bildirib.
Nyu-Yorkdakı “Türk Evi”ndə mətbuat konfransı zamanı Ərdoğan deyib ki, Türkiyə olaraq ABŞ-la dostluq münasibətlərinin olmasını arzu edir: “Amma iki NATO ölkəsi olaraq bu andakı gedişat heç də xeyrə əlamət deyil”.
Ərdoğan xatırladıb ki, ABŞ Türkiyənin Rusiyadan S-400 sistemləri almasını bəhanə edərək F-35 qırıcılarını satmaqdan imtina edib. Baxmayaraq ki, Türkiyə bu təyyarələr üçün 1.4 milyard dollar ödəmə etmişdi. “Bizə S-400 sistemlərini bəhanə edərək F-35 verməmək hər şeydən əvvəl dövlətlərarası münasibətlərə, diplomatik münasibətlərə ziddir. Amerika öncə bunu aradan qaldırmalıdır”, – o əlavə edib.