Ərdoğan və Merkel Türkiyə-Aİ münasibətlərini müzakirə etdilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Angela Merkel ilə videokonfrans rejimində danışıqlar aparıb.
Virtualaz.org “Anadolu”ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
Bildirilir ki, Türkiyə-Almaniya əməkdaşlığının inkişaf etdirilməsi, həmçinin Türkiyə-Avropa İttifaqı (Aİ) arasındakı əlaqələr vurğulanmaqla regional mövzular müzakirə edilib.
Prezident Ərdoğan Ankaranın Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərin müsbət gündəmini irəli sürməkdə qərarlı olduğunu bildirib.
Türkiyə dövlətinin başçısı vurğulayıb ki, Aİ-nin Türkiyə ilə münasibətlərə ədalətli və konstruktiv yanaşması hər iki tərəfin maraqlarına cavab verir.
Türkiyə lideri Türkiyə ilə Avropa İttifaqı arasında 18 mart 2016-cı il tarixində imzalanmış miqrasiya sazişinin yenilənməsi üçün lazım olan işlərin tezliklə başlanmasının vacibliyini də vurğulayıb.
Prezident Ərdoğan Ankaranın Türkiyə - Aİ sammitinin Portuqaliyanın sədrliyi başa çatana qədər keçirilməsi ilə bağlı gözləntilərini bir daha təsdiqləyib.