Aqrar Universiteti daha bir uğura imza atdı
Məlumdur ki, qidalanmanın yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin və kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib.
Kənd təsərrüfatında müasir texnologiya və innovasiyaların geniş şəkildə tətbiqi hazırda qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsinin və ətraf mühitə mənfi təsirlərin azaldılmasının əsas vasitəsi kimi çıxış edir. Bunlarla yanaşı, torpaqlardan dayanıqlı istifadə edilməsi, kənd təsərrüfatının qlobal iqlim dəyişikliklərinə uyğunlaşdırılması, ərzaq məhsulları istehsalının həcminin artırılması həm də bu sahədə islahatların davamlı olaraq həyata keçirilməsini zərurətə çevirir.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində 3 əsas prinsipi - kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqini rəhbər tutur.
Hazırda aqrar elmin modernləşdirilməsi üzrə islahatlar davam etdirilir. Aqrar Universiteti müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi üzrə aqroekologiya və aqrokimya, genetika və seleksiya, ilkin toxumçuluq və tingçilik, xəstəlik və zərərvericilərə nəzarət laboratoriyaları yaradılıb, istixana və toxum emalı məntəqələri tikilib, müasir və məhsuldar meyvə bağları salınıb.
Bu məqsədlə ölkənin aqrar kadr hazırlığının mərkəzi olan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təlim planları və proqramları dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilir.
Elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İbrahim CƏFƏROV özünün Facebook səhifəsində növbəti uğurlar barədə qeydlərini edib. Məlumatı oluğu kimi təqdim edirik.
“Əziz tələbə dostlarım, hörmətli izləyicilərim, bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq əlaqələri hər keçən gün genişlənir, onun beynəlxalq nüfuzu artır. Son illər ərzində cənab Prezidentin aqrar sahədə həyata keçirdiyi kompleks tədbirlər aqrar elm və təhsildən də yan keçməmişdir. Aqrar universitetin beynəlxalq nüfuzunun gücləndirilməsi istiqamətində Türkiyənin Ege universiteti ilə ikili diplom layihəsinin bu tədris ilindən 4 ixtisas üzrə həyata keçirilməsi üzrə hüquqi sənədin imzalanması bunun bariz nümunəsidir. Davamlı olaraq bu istiqamətdə gördüyümüz işlər davam edir, son iki ayda hörmətli nazirimiz İnam Kərimovun tapşırığı ilə Bolqarıstanın Plovdiv Aqrar Universiteti, Polşanın Təbiət Elmləri Universitetinə tərəfimdən edilən səfərlər də ikili diplom layihələrinin gücləndirilməsinə xidmət edir. Bunun davamı olaraq Rumıniyanın Azərbaycandakı səfirinin və Macarıstan səfirliyinin təhsil üzrə nümayəndəsinin universitetimizə səfərləri də yuxarıda göstərilən məqsədlərin davamı kimi dəyərləndirilməlidir.Indi söz canım tələbələrimin, magistrlərimizin və doktorantlarımızındır. Bu bir tarixi şansdır, bu şansdan istifadə isə bizim hər birimizin məsuliyyəti və ölkə qarşısında vicdan borcudur. “
Azia.az