“Azərbaycanda hökm sürən siyasi didişmə, xaos bizə Şuşanı almaqda çox kömək etdi...”
Ermənistanın eks-prezidenti Serj Sərkisyan hakimiyyətdən devrildikdən sonra ilk dəfə jurnalistlərə danışıb. Ötən gün o, Şuşanın işğalı münasibətilə keçirilən bayram tədbirlərinə qatılaraq Ermənistanın İctimai televiziyasının müxbirinin 27 il əvvəl baş verənlər haqda suallarını cavablandırıb.
Virtualaz.org xəbər verir ki, Sərkisyan ənənəvi olaraq “Şuşanın alınması üçün hazırladıqları parlaq hərbi əməliyyat”, erməni səhra komandirlərinin “şücaətləri” haqda lovğalanıb. Amma Şuşanı ələ keçirməkdə onlara kömək edən əsas səbəb-Azərbaycanda o zaman hökm sürən siyasi xaos, çaxnaşma barədə də danışıb.
Sərkisyan deyir ki, xeyli müzakirələrdən sonra Şuşaya dörd istiqamətdən hücum etməyi qərara almışdılar. Əməliyyata general Arkadi Ter-Tadevosyan başçılıq edirdi.
Sərkisyanın bildirdiyinə görə, Şuşa əməliyyatının uğurunun əsasını 1992-ci ildə Azərbaycan ordusunun Daşaltı kəndini azad etmək üçün keçirdiyi uğursuz əməliyyat qoymuşdu. “Hərçənd həmin döyüşlərdə bizdən də xeyli adam həlak oldu, amma Azərbaycan ordusunun da ən döyüş qabiliyyətli batalyonu darmadağın edildi”-Serjik deyib.
Xatırladaq ki, uğursuz Daşaltı əməliyyatı ilə bağlı sonradan Azərbaycanda uzun müddət istintaq getmişdi, həmin əməliyyata o vaxtkı müdafiə naziri Tacəddin Mehdiyev şəxsən başçılıq edirdi. İstintaq müəyyən etmişdi ki, əməliyyatın planlaşdırılmasında yol verilən taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan bölmələri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə bölmə isə xeyli itki verərək geri çəkilə bilib.
Başqa sözlə, Serj Sərkisyan da təsdiq edir ki, Şuşanın ələ keçirilməsinin başlıca səbəblərindən biri heç də ermənilərin şücaəti ilə bağlı deyildi, Azərbaycan tərəfdə hökm sürən siyasi oyunlar, xəyanət və yararsız hərbi rəhbərliklə əlaqəli idi.
Nəhayət Serjik Şuşanı almaqda onlara kömək edən ikinci əsas məsələ barədə danışıb. Deyib ki, Azərbaycanda o vaxt sadəcə olaraq daxili siyasi didişmələr, tam xaos hökm sürürdü. “Bu da bizə çox kömək etdi”-o deyib.
Bunlar Şuşanın işğalından 27 il sonra düşmən tərəfindən də dilə gətirilə acı həqiqətlərdir. Və düşmən də təsdiq edir ki, şəhər-qalanı Azərbaycanda müxtəlif siyasi qüvvələrin hakimiyyət uğrunda didişmələri, ölkədə hökm sürən xaos, xəyanətlər və satqınlıqlar sayəsində ələ keçirə biliblər. Şuşa uğrunda əsl döyüşlər isə qabaqdadır...
F.Məmmədov
Virtualaz.org