“BÖYÜK VARİDATA MALİK BU AİLƏ…” – SABİQ GÖMRÜK RƏİSİNİN KÜRƏKƏNİNDƏN PREZİDENTƏ ŞOK MÜRACİƏT + FOTOLAR -
“Prezidentə müraciətimin nəticəsi oldu. Apellyasiya Məhkəməsi məndə qalan əmlakın yenidən bölünməsinə dair qərarın tam qanunsuz olduğu göstərərək, ləğv etdi, ancaq…”
“Keçmiş qayınatam, deputat Eldar İbrahimovun hazırda Əmlak Məsələləri Dövlət Komitəsində işləyən qardaşı Nizami İbrahimov bütün əmlakımı əlimdən almağa çalışır. Məqsədləri məni həyatıma qəsd etmək məcburiyyətində qoymaqdır”.
Bu sensasiyalı fikirlər Bakı şəhəri, Sabunçu rayonu, S.Mehmandarov küçəsi ev 28, mənzil 32-də yaşayan Abdullayev Çavanşir Arif oğlu tərəfindən ölkə Prezidenti İlham Əliyevə, I vitse-Prezident Mehriban xanım Əliyevaya, Milli Məclisin sədri Oqtay Əsədova, Ədliyyə naziri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə ünvanlanan müraciətdən götürülüb.
Müraciətini həm də mətbuat vasitəsilə ölkə rəhbərliyinə çatdırmaq istəyən Cavanşir Abdullayev “AzPolitika.info”ya açıqlamasında keçmiş qayınatası Nizami İbrahimov, onun qardaşı – millət vəkili, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovla bağlı bir sıra iddialarla çıxış edib.
“Keçmiş həyat yoldaşımın istəyi üzrə əmlakın bölünməsinə dair saziş imzaladıq”
Qeyd edək ki, İbrahimovlar ailəsi ilə Cavanşir Abdullayev arasında çəkişmə 1 ildən artıqdır ki, davam edir. Bunun səbəbi isə, C.Abdullayevin dediyinə görə, keçmiş həyat yoldaşı – Nizami İbrahimovun qızı İradə İbrahimova (Abdullayeva) ilə anlaşmalı şəkildə ayrılmalarına baxmayaraq, qarşı tərəfin müəyyən müddətdən sonra onunla düşmənçilik etməyə başlamasıdır.
C.Abdullayev bildirdi ki, bu haqda açıqlamaları ötən il mətbuatda dərc olunduğundan, təkrarlamaq istəmir: “Ancaq oxucularınız üçün aydın olsun deyə qısa olaraq xatırladım ki, 2005-ci ildə deputat Eldar İbrahimovun qardaşı Nizami İbrahimovun qızı İradə İbrahimova (Abdullayeva) ilə ailə həyatı qurmuşduq. Bu nikahdan 2 övladımız dünyaya gəlib. Ancaq bəzi səbəblərdən ailədə narazılıqlar yarandığından, İradə İbrahimovanın istəyi ilə ayrılmağa qərar verdik. Buna görə də hələ ayrılmazdan öncə birgə nikah zamanı əldə etdiyimiz əmlakı böməyi qərara aldıq. Bununla bağlı 2017-ci ilin sentyabr ayının 6-da 50 saylı Notariat Kontoru tərəfindən təsdiq olunmaqla, əmlakın bölünməsinə dair saziş imzaladıq (Sazişin surəti müraciətə əlavə olunub-red). Saziş keçmiş həyat yoldaşımın istəyi üzrə, onun və mənim vəkillərimiz tərəfindən hazırlanmışdı.
Qeyd edim ki, mən qardaşımla birlikdə ticarətlə məşğul olduğumdan əmlakların demək olar ki, hamısını öz halal qazancımla əldə etmişdim. Yalnız bir əmlakı – Sabunçu rayonu, Bakıxanov qəsəbəsində (Qaraçuxurda-red.) T.Qəmbərov küçəsində yerləşən həyət evi ailəsi tərəfindən bizə bağ evi kimi hədiyyə olunmuşdu. Ötən müddət ərzində mən həmin evə xeyli miqdarda pul xərcləyərək, oranı geniş bir villaya çevirmişdim.Bu məqsədlə bankdan kredit də götürmüşdüm. Həyətində hovuz, yardımçı binalar tikdirmişdim, yol çəkdirmişdim və sair (şəkili yazıya əlavə edilir). Buna görə də o ev bizim ən dəyərli əmlakımıza çevrilmişdi. Ora bizə hədiyyə olunanda elə də böyük dəyərə malik olmayan bağ evi idisə, mənim çəkdiyim xərcdən sonra hazırda qiyməti bir milyondan artıq olan villaya çevrildi. Bu səbəbdən həyat yoldaşımın razılığı əsasında həmin villa da mənim adıma rəsmiləşdirilmişdi. Bununla bağlı 21.07.2016-cı ildə rəsmi müqavilə bağlanıb”.
“Məndə qalan bütün əmlakın dəyəri onun mülkiyyətinə verdiyim villanın dəyərindən xeyli aşağıdır”
C.Abdullayev qeyd edir ki, ayrılmağa qərar verdiklərində həyat yoldaşı ailəsinin də istəyi ilə həmin villanın ona verilməsini istəyib, digər əmlaklara qarşı heç bir iddiasının olmadığını bildirib: “Digər əmlaklar dedikdə… bura Nəsimi rayonu ərazində yerləşən birotaqlı, bir də Sabunçu rayonunda yerləşən ikiotaqlı bir ev, iki ədəd elə də böyük dəyəri olmayan maşın və kiçik bir qaraj daxildir. Onların hamısının ümumi dəyəri boşanmadan öncə keçmiş həyat yoldaşımla bağladığım müqavilə əsasında onun mülkiyyətinə verdiyim villanın dəyərindən xeyli aşağıdır”.
C.Abdullayevin sözlərinə görə, villanı öz mülkiyyətində saxlamağa tam qanuni haqqı olsa da, övladlarının da həmin evdə yaşayacağını nəzərə alaraq, keçmiş həyat yoldaşının təklifilə razılaşıb: “Bunun nəticəsi olaraq da ayrılmazdan əvvəl – 06.09. 2017-ci ildə aramızda notarial qaydada təsdiqlənməklə saziş bağlandı. Ayrıldıqdan sonra villanın keçmiş həyat yoldaşımda, yuxarıda göstərdiyim digər əmlakların məndə qalacağına razılaşdıq. Müqaviləyə görə, ayrıldıqda mənə dəyərcə daha az əmlak düşsə də, həm övladlarıma görə, həm də əlavə söz-söhbət olmasın deyə razılaşdım”.
“Hakim İmran Burcayev uydurma, yalan iddialarına əsaslanaraq qərar çıxarmışdı”
Ancaq müəyyən müddətdən sonra İbrahimovlar müqavilə ilə C.Abdullayevə verilən əmlakın da böyük hissəsini onun əlindən almaq qərarına gəlirlər.
C.Abdullayev bildirir ki, keçmiş həyat yoldaşı ilə birgə əmlaklarının bölgüsünə dair bağladıqları müqavilədən 7 ay keçdikdən sonra İbrahimovlar onu məhkəməyə verib: “Bildiyiniz kimi, ötən ilin aprel ayının sonlarında keçmiş həyat yoldaşım mənə qarşı Sabuncu rayon Məhkəməsində həm aylıq 1000 manat aliment tələbilə, həm də aramızda bağlanmış müqavilənin villa ilə bağlı hissəsi istisna olmaqla, etibarsız sayılaraq, məndə qalan əmlakın yenidən bölünməsinə dair 2 iddia ilə çıxış etdi. Təbii ki, ailəsinin təkidi ilə. Çünki həm əmlakımızı həyat yoldaşımın istəyinə uyğun böldüyümüzdən, həm də mənim 1-2 otaqlı evimə, puluma ehtiyacları olmadığından onun özünün könüllü olaraq məhkəməyə getdiyinə inanmıram. Eyni zamanda məhkəmənin bu qanunsuz iddiaları qəbul edəcəyinə də inanmırdım. Belə ki, əmlakın bölünməsinə dair müqavilədən 6 aydan çox vaxt keçdiyindən, yəni iddia müddəti bitdiyindən, məhkəmənin bu iddianı rədd edəcəyini gözləyirdim. Ancaq bəzi hakimlər üçün qanunun tələbləri deyil, kimlərinsə sifarişi əsasdır. Görünür, keçmiş həyat yoldaşımın yaxınlarının geniş imkanlara malik olması Sabuncu rayon Məhkəməsində mənimlə bağlı qanunsuz qərarın çıxarılmasında səbəb oldu.
Sizə də məlum olduğu kimi, keçmiş həyat yoldaşımın (ailəsinin istəyi ilə) əmlak bölgüsünə dair əsassız iddiası Sabuncu rayon Məhkəməsinin hakimi İmran Burcayev tərəfindən tam şəkildə təmin edilmişdi. İddia müddəti keçməsinə baxmayaraq, hakim aramızda bağlanmış sazişi villa ilə bağlı hissəsi istisna olmaqla, etibarsız hesab etmişdi. Yəni, villanı İbrahimovlarda saxlayaraq, məndə qalan əmlakın yenidən bölünməsinə dair tam qanunsuz, absurd qərar vermişdi. Belə qanunsuz qərarı isə ortada heç bir dəlil olmadığından, şəxsi qənaətinə əsaslanaraq çıxırmışdı. Sadəcə iddiaçının dediyinə əsaslanaraq, mənim guya həyat yoldaşımı aldadaraq bu sazişi imzalatdığım qənaətinə gəlmişdi.
Hakim nə sazişin iki tərəfin də vəkilləri tərəfindən hazırlanıb, onların da iştirakı ilə imzalanmasını, nə də notariusda hər iki tərəfə sazişin hüquqi nəticələrinin izah edilməsini, kiminsə digərini aldatmasının mümkün olmamasını nəzərə almamışdı. Ortada aldatma, məcburetmə var idisə, bunun niyə 7 ay sonra yada düşdüyü ilə də maraqlanmamışdı.
Yəni, təəssüf ki, hakim İmran Burcayev həqiqətlərə deyil, İbrahimovların uydurma olduğu savadsız insana belə aydın olan iddialarına əsaslanaraq qərar çıxarmışdı. Mənə məxsus əmlakın böyük hissəsini – 70%-dən artığını İbrahimovlara vermişdi. Düşünürəm ki, bunda millət vəkili Eldar İbrahimovun iddiaçının əmisi olması faktı əsas rol oynamışdı. Hakim İmran Burcayev bunu açıq deməsə də, hərəkətləri ilə nümayiş etdirirdi. Çıxardığı qətnamədə prosesual hüquq normaların kobud çəkildə pozulması da bunun sübutudur. Sonradan Apellyasiya Məhkəməsinin çıxardığı qətnamədə də İmran Burcayevin qərarlarının heç bir fakta söykənmədiyi, hakimin dəlillərə əhəmiyət vermədiyi qeyd olunub”.
“Prezidentə, I vitse-Prezidentə müraciətlərim nəticəsiz qalmadı”
C.Abdullayevin sözlərinə görə, İmran Burcayev kimi hakimlərin hələ də məhkəmələrdə insanların taleyi ilə bağlı qərarlar verməsi çox dəhşətlidir: “Belə hakimlər düşünmürlər ki, kiminsə arzusunu yerinə yetirməklə başqa bir insanın taleyini məhv edirlər. İnanıram ki, ölkə rəhbərliyi, Ədliyyə Nazirliyi qanunlara deyil, kimlərinsə istəyinə əsaslanaraq qərar çıxaran belə hakimlərlə bağlı tədbir görəcəklər”.
Cavanşir Abdullayev sözlərinə görə, Sabunçu rayon Məhkəməsində çıxarılan qətnamələrdən apellyasiya şikayəti verdikdən sonra da İbrahimovlar ona qarşı təzyiqləri dayandırmayıb. Başıma çox işlər gətirdilər, danışıb vaxtınızı almaq istəmirəm. Təzyiqlərlə kifayətlənməyib, keçmiş həyat yoldaşımla xəbər göndərdilər ki, Bakı Apellyasiya Məhkəməsində mənim əleyhimə qətnamə çıxartdıracaqlar, hətta qalan əmlakımı da əlimdən alacaqlar. Buna görə də mən mətbuat vasitəsilə Prezident İlham Əliyevə, hörmətli I vitse-Prezident Mehriban xanım Əliyevaya, həmçinin Milli Məclisin sədri Oqtay Əsədova müraciət edərək, şikayətlərimə obyektiv baxılmasının təmin edilməsinə dair göstəriş vermələrini, İbrahimovların öz imkanlarından istifadə edərək hakimlərə təsir göstərməsinin qarşının alınmasını xahiş etdim. İbrahimovların məni intihara məcbur etməyə çalışdığını bəyan etdim. Bu müraciətim nəticəsiz qalmadı. Apellyasiya Məhkəməsində bəzi haqsızlıqlar aradan qaldırıldı.
“Mən ayda 800 manat alimenti necə ödəyim? İbrahimovlar İcra məmurları vasitəsilə mənə təzyiq edir“
Düzdür, 800 manat aliment qərarını Apellyasiya Məhkəməsi də qüvvədə saxladı. Hakim Məmməd Məmmədov da heç nəyə əsaslanmadan, sadəcə iddiaçının istəyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Düşünürəm ki, bunda da deputat Eldar İbrahimovun rolu olub. Axı heç bir yerdə işləmədiyim, sabit gəlirimin olmadığı, ürəyimdən əməliyyat olunduğum üçün intensiv fəaliyyətlə məşğul ola bilmədiyim halda, mən ayda 800 manat necə ödəyim?
Mən övladlarımın maddi təminatını ödəməkdən qaçmıram. Ancaq hər şey qanunla olmalıdır. Qanunla isə hər uşağa görə mənə maksimum 154 manat aliment kəsilə bilər. 800 manatı ödəyə də bilmirəm. Məhkəmə qərarından keçən müddətdə 8000 manat aliment tələbi yaranıb. Bunun 4 min manatını qardaşımın, yaxınlarımın köməyilə ödəmişəm. 4 min manat borclu qalmışam. Bu qanunsuz qərarın ləğvi ilə bağlı Ali Məhkəməyə müraciət etməyimə baxmayaraq İbrahimovlar mənə qalan vəsaiti ödətdirmək üçün İcra məmurları vasitəsilə təzyiq edirlər. Ancaq bununla da kifayətlənmirlər.
“Apellyasiya Məhkəməsi məndə qalan əmlakın yenidən bölünməsinə dair qərarın tam qanusuz olduğunu təsdiqlədi”
Qeyd etdiyim kimi, müraciətim müəyyən nəticəsi oldu. Apellyasiya Məhkəməsində məndə qalan əmlakın yenidən bölünməsinə dair birinci instansiya məhkəməsinin çıxardığı qərar TAM QANUNSUZ olduğu göstərilərək, ləğv edildi. Qətnamədə də göstərildi ki, birinci instansiya məhkəməsi heç bir dəlilə istinad etmədən, əksinə, sübutları görməzdən gələrək mənim əleyhimə qərar çıxarıb.
Eyni zamanda keçmiş həyat yoldaşımla əmlak bölgüsünə dair bağladığımız müqavilənin etibarsız sayılması üçün heç bir əsasın olmadığı, qarşı tərəfin aldadıldığına dair iddiaların təsdiqlənmədiyi qətnamədə əksini tapdı. Villanın mənim adıma rəsmiləşdirilməsində hansısa qanunsuzluğa yol verildiyini göstərən heç bir faktın olmadığı vurğulandı. Villanın istisna hal kimi keçmiş həyat yoldaşıma verərək, məndə qalan əmlakın yenidən bölünməsi qərarının qanuni əsasının olmadığı göstərildi.
Qətnamədə o da xüsusi olaraq vurğulandı ki, bağlanmış müqavilənin etibarsız sayılması üçün iddia qaldırılması müddəti bitdiyindən, ümumiyyətlə, məhkəmənin bu xüsusda hansısa qərar çıxarması MÜMKÜN DEYİL!
Yəni, konkret əsaslarla birinci instansiya məhkəməsində mənim əleyimə çıxarılan qərarın sifarişli olduğu təsdiqlənib. Ona görə də burdan Prezident İlham Əliyevə, hörmətli I vitse-Prezident Mehriban xanım Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova, həmçinin Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə, eləcə də işə tam obyektiv baxan hakim Vüqar Həsənova təşəkkürümü bildirirəm.
Təbii ki, mənim səsimi ölkə rəhbərliyinə, ictimaiyyətə çatdıran mətbuata da minnətdarlıq edirəm. Ancaq təəssüf ki, İbrahimovlar ailəsi məndən əl çəkmək istəmir, əmlakı əlimdən almaq istiqamətində səylərini davam etdirirlər”.
“Mənə xəbər göndərirlər ki, Eldar İbrahimov Ali Məhkəmənin sədri ilə dostdur…”
Cavanşir Abdullayevin sözlərinə görə, İbrahimovlar Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət ediblər: “İşə yanvarın 28-də, saat 10-da baxılacaq. Bütün medianı dəvət edirəm. Əmlak bölgüsü tələbinə dair olan mülki iş hakim Əli Rüstəmovun icraatındadır. Fefalın 8-də isə Ali Məhkəmədə hakim Aslan Kalbalıyevin sədrliyi ilə mənə ayda 800 manat aliment kəsilməsinə dair qərarı qüvvədə saxlayan Apellyasiya Məhkəməsinin qətnaməsindən şikayətimə baxılacaq. Mən əlbəttə, Ali Məhkəmədə hər iki işə obyektiv baxılacağına, hakimin ədalətli qərar çıxaracağına inanıram. Ancaq qarşı tərəf buna imkan verməyəcəklərinə dair mənə ismarıclar göndərir. Müxtəlif vasitələrlə mənə deputat Eldar İbrahimovun Ali Məhkəmənin sədri Ramiz Rzayevlə uzun illərdir dost olduqları, buna görə Apellyasiya Məhkəməsinin qərarını ləğv etdirərək, qalan əmlakımı əlimdən alacaqlarına dair xəbərlər göndərirlər.
Hətta dünən ortaq tanıdıqlarımızdan birinə deyiblər ki, təcili evləri boşaltsın, Ali Məhkəmənin qərarından sonra satışa çıxaracağıq. Görün nə qədər arxayındırlar.
Təəssüf ki, hakim Əli Rüstəmovun çıxaracağı qərara müəyyən vasitələrlə təsir göstərilməsinə çalışıldığına dair məlumatlar alıram. Ancaq bu məlumatlara inanmadığımdan, prosesdən öncə açıqlamağım doğru olmaz. İnanıram ki, İbrahimovların nə deməsindən asılı olmayaraq, Ali Məhkəmədə işə tam obyektiv baxılacaq”.
Cavanşir Abdullayevin sözlərinə görə, İbrahimovların ondan əl çəkməməsinin səbəbinin onu müflis edərək dilənçi vəziyyətinə salmaq, sonra da övladlarından ayıraraq, intihara məcbur etmək olduğunu düşünür: “Keçmiş qayınatam, hazırda Əmlak Məsələri üzrə Dövlət Komitəsində işləyən Nizami İbrahimovun bütün əmlakımı əlimdən almaqda məqsədinin məni həyatıma qəsd etmək məcburiyyətində qoymaq olduğunu düşünürəm. Kifayət qədər böyük varidata malik bu ailənin əlbəttə, mənin elə bir əhəmiyyətə malik olmayan əmlaklarıma ehtyacları yoxdur. Sadəcə belə ehtimal edirəm ki, məni dilənçi vəziyyətə salmaq, övladlarımdan tamamilə ayırmaq, bir sözlə, məhv etmək üçün bunda israr edirlər, məhkəmlərə təsir göstərməklə niyyətlərini reallaşdırmağa çalışırlar”.
“Nizami İbrahimovun rəsmi qazancı ilə mütənasib olmayan böyük varidatı, əmlakları var”
C.Abdullayev sözlərini konkret faktlarla təsdiq edə biləcəyini də vurğuladı: “Keçmiş qayınatam Nizami İbrahimov uzun müddət “SDK” kimi tanınan Samur Gömrük Postunun rəisi işləyib. Sonra bir müddət Gömrük Komitəsinin Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.
Gömrükdən çıxarıldıqdan sonra Əmlak Komitəsində işləyir. Rəsmi qazancı ilə mütənasib olmayan böyük varidatı, əmlakları var. Təkcə bir ərazidə dəyəri milyonlarla olan bir neçə villası var (şəkilləri aşağıda təqdim olunur). Sual olunur, daim dövlət işində çalışmış, rəsmi olaraq heç bir biznesi olmayan bir şəxs bu qədər əmlakı necə əldə edib? Bunlar həm də İbrahimovların varidatının çox cüzi bir hissəsidir. Belə bir imkanlara malik ailənin mənin 1-2 otaqlı evlərimə tamah salmaqda məqsədləri nədir? Yalnız məni müflis etmək, bu yolla da övladlarımdan ayırmaq”.
“Mənim də İbrahimovlar haqda deməyə sözüm olacaq””
Cavanşir Abdullayev bildirir ki, İbrahimovlar bunu açıq şəkildə onun özünə deyiblər: “Nizami İbrahimov özü mənə dəfələrlə bildirib. Mənim nəyim var əlimdən almağın onlar üçün problem olmadığını deyir.
Mən istəmirəm indi hər şeyi açıqlayım. Lazım gələrsə, YouTube kanalı vasitəsilə ictimaiyyətə həm bu haqda, həm də onların sahib olduqları böyük varidatı hansı yollarla əldə etdikləri barədə geniş açıqlamalar verəcəyəm. Qoy düşünməsinlər ki, mən hər şeyimin əlimdən alınmasını sakitcə izləyəcək, səssiz-səmirsiz intihar edəcəm.
Bir adam ki, həm əmlakları əlindən alına, həm də işləmədiyi halda ayda 800 manat aliment verməyə məcbur edilə, onun başqa nə çarəsi qalır? Bu yolla yalnız məni deyil, yaşlı anamı, hətta qardaşımın ailəsini də evsiz-eşiksiz qoymaq istəyirlər. Bəlkə də istəklərinə nail olacaqlar. Ötən dəfə dediyim kimi, əmlaklarımın əlimdən alınmasının qarşısı alınmazsa, mənim intihardan başqa çıxış yolum qalmayacaq. İbrahimovların məhkəmələrə təsiri, qanunsuz qətnamənin çıxarılması məni buna məcbur edəcək. Ancaq intihar etməzdən qabaq mənim də İbrahimovlar haqda deməyə sözüm olacaq”.
“Yenə cənab Prezidentdən, hörmətli I vitse-Prezidentdən kömək istəyirəm”
Cavanşir Abdullayev sonda bir daha ölkə rəhbərliyindən kömək istədi: “Mən yenidən cənab Prezident İlham Əliyevə, hörmətli I vitse-Prezident Mehriban xanım Əliyevaya, həmçinin Milli Məclisin sədri Oqtay Əsədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edərək, Ali Məhkəmədə işə obyektiv baxılmasının təmin edilməsinə dair göstəriş vermələrini xahiş edirəm. İbrahimovların özlərini bu dövlətin sahibi kimi aparmalarına, bir ailənin həyatını məhv etmələrinə imkan verilməməsini xahiş edirəm. Bir vətəndaş kimi mənim Konstitusiyada təsbit edilmiş hüquqlarımın qorunmasını xahiş edirəm”.
Qeyd edək ki, ötən dəfə C.Abdullayevin söylədikləri ilə bağlı keçmiş qayınatası Nizami İbrahimova zəng etdikdə, o, bu barədə danışmaq istəmədiyini qeyd etmişdi. Bildirmişdi ki, işə məhkəmədə baxılmalıdır: “Biz bandit-zad deyilik ki, kiminsə əmlakını zorla əlindən alaq. İşə məhkəmədə baxılır və məhkəmə qərar verir”.
C.Abdullayevin intihar xəbərdarlığına gəlincə, N.İbrahimov “o mənim keçmiş kürəkənimdir. Nə edəcəyi ilə maraqlanmıram” demişdi. Eyni zamanda bu məsələ ilə bağlı onu narahat etməməyi xahiş etmişdi. Bununla belə, onun da mövqeyini işıqlandırmağa hazır olduğumuzu bəyan edirik.
Azpolitika.info