Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir
Xeyriyyə yarmarkasından toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək
6 ildir ki, yeni il ərəfəsində “Nargis Fund” tərəfindən keçirilən və xoş bir ənənəyə çevrilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası bu il də yüzlərlə uşağı sevindirəcək. Yanvar ayının 6-dək davam edəcək bu xoş məramlı tədbirə fəaliyyəti boyunca gələcəyimiz olan uşaqların müdafiəsi, eləcə də onların hüquqlarının qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirən “Azercell Telekom” MMC də öz dəstəyini əsirgəməyib. Şirkət yarmarkada quraşdırılmış stendindən smartfon əldə edən müştəriləri hədiyyə ilə sevindirəcək. Belə ki, abunəçilər öz istəklərinə uyğun olaraq 1000 şəbəkədaxili dəqiqə və ya 1 aylıq limitsiz internet əldə edə biləcəklər.
"Amapola Exclusive Events" şirkətinin təşkilatçılığı ilə baş tutan xeyriyyə yarmarkası bu il öz konsepsiyasına görə əvvəlkilərdən daha fərqli və yaddaqalan olacaq. Fəvvarələr meydanında qurulmuş 47 evcikdən hər kəs Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər və s. əldə edə, kiçik rahat kafelərdə çay, kofe, eləcə də digər isti və ya soyuq içkilərdən içə, müxtəlif təamlardan dada bilər. Xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini isə əyləncəli proqramlar, maraqlı tədbirlər və sponsorlardan hədiyyələr gözləyir. Məlumat üçün bildirək ki, “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri nargisfund.com saytından, eləcə də fondun rəsmi sosial şəbəkə resurslarından əldə etmək olar.
Qeyd edək ki, 22 illik fəaliyyəti ərzində Azercell uşaqlarla bağlı “De! Dildən-dilə, eldən-elə” şeir və hekayə müsabiqəsini, “Çək!” asfalt üzərində rəsm yarışını, “Hər uşağın ailəyə ehtiyacı var”, “Onlar da hədiyyə gözləyirlər...”, “Uşaq Qaynar xətti”, “Uşaq Paralimpiya Komitəsini”, “Mobil Diş Klinikası”, “Mobil Göz Klinikası”, “Uşaq Qaynar xətti”, uşaqların İnternet şəbəkəsindən təhlükəsiz istifadəsi üçün “Universal Müdafiə”, “Android üçün müdafiə”, “Valideyn müdafiəsi” xidməti və s. kimi maraqlı layihələr həyata keçirib. Uşaq hüquqlarının qorunması və onların müdafiəsi ilə bağlı həyata keçirdiyi layihələri ilə hər zaman seçilən şirkət bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.