Bu gün “Həyat Fondu”nun təqdimat mərasimi keçirilib.
“Report”un məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, fondun təsisçisi, “Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri Hacı Nuran Hüseynov, idmançılar, incəsənət nümayəndələri və digər şəxslər iştirak ediblər.
Fondun təsisçisi, eyni zamanda prezidenti N.Hüseynov çıxış edərək bildirib ki, arzusu yerinə yetir. O, uzun müddət xeyriyyəçiliklə bağlı layihələrdə iştirak etdiyini söyləyib və ilk dəfə olaraq bu işlə mərkəzləşdirilmiş şəkildə məşğul olacaqlarını vurğulayıb: “Həyat Fondu”nu xeyriyyə məqsədi ilə təsis olundu. Fondun əsas məqsədi müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərə yardım göstərmək və onların müalicəsinin təşkilinə köməklik göstərməkdir. İstənilən mobil telefondan 999 qısa nömrəsini yığaraq, fonda pul köçürməsi edə bilərsiniz. Bu halda pul birbaşa balansınızdan çıxılacaq. Bildiyiniz kimi, 4 ilə yaxın ağır xəstəlikdən, xərçəngdən əziyyət çəkirdim. Həkimlər artıq müalicəni dayandırmaq istəyirdilər. Dedilər effekti yoxdur. Lakin şükürlər olsun ki, Heydər Əliyev Fondu mənə dəstək oldu. Mehriban Əliyevaya və Leyla Əliyevaya bir daha minnətdarlığımı bildirirəm”.
Daha sonra çıxış edənlər – xalq artisti Həmidə Ömərova, güləşçi Rəsul Çunayev “Həyat Fondu”nun əhəmiyyətindən danışıblar və uğurlar arzulayıblar.
Qeyd edək ki, “Həyat Fondu” yardımsevər insanların ianəsi hesabına maliyyələşəcək. 999 qısa nömrəsindən zəng və mesajla yanaş, poçt, bank, E-pay və Fondun rəsmi saytı olan www.heyat.az-a daxil olaraq Fondun və ya birbaşa ehtiyacı sahiblərinin hesabına ödəmələr etmək olacaq.