Hacı Əbdül: “Mehriban xanımın məscidə gəlişi bizim üçün sürpriz oldu...”
“Təmirdən sonra ilk namazı özüm qıldım”
Oktyabrın 23-də Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş “İmam Hüseyn” məscidinin açılışında iştirak edib.
Məscidin axundu Hacı Əbdül məscid barədə ona məlumat verib. Bildirib ki, bu ibadət evi 1890-cı ildə xeyriyyəçi Hacı Hacıbala tərəfindən tikilib. 1920-ci ildə bolşevik işğalından sonra bir müddət bağlı qalıb. Lakin sonralar yenidən dindarların istifadəsinə verilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid təmir olunub.
Azərbaycanın qədim məscidlərindən biri olan “İmam Hüseyn” məscidində 2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və bərpa işlərinə başlanılıb. Yüksək keyfiyyətlə aparılan təmir zamanı binanın memarlıq üslubu qorunub saxlanılıb, ərazisi abadlaşdırılıb. Məscidin sahəsi 300 kvadratmetrdir. Burada eyni vaxtda 400 nəfər ibadət edə bilər. “İmam Hüseyn” məscidinin ərazisində 130 nəfərlik mərasim zalı da inşa olunub. Hacı Əbdül məscidin təmiri, həmçinin birinci vitse-prezidentin açılış mərasiminə gəlişi ilə bağlı “Yeni Müsavat”a maraqlı fikirlər söylədi. Fürsət düşmüşkən onunla digər məsələlər barədə də danışdıq.
- Hacı, məscidin açılış günü ilə bağlı təəssüratlarınız necədir?
- Çox gözəl təəssüratlarım var. Elə bil ki, biz bu məscidə birinci dəfədir ayaq qoyuruq. Tamam dəyişib. İnşallah, başqa həvəslə, başqa məhəbbətlə məsciddə çalışacağıq. Burada çox işlər görülüb. Məscidin həyəti tamam dəyişdirilib, təmir olunub, gözəlləşdirilib. Həmçinin sütunlarından tutmuş, digər yerlərinə qədər yüksək zövqlə gözəlləşdirilib. Burada görülən işləri saymaqla bitməz.
- Siz Mehriban xanıma nə vaxt məscidin bərpası xahişi ilə bağlı müraciət etmişdiniz?
- Keçən il. Bizim müraciətimizdən 15-20 gün keçməmişdi ki, məscidin bərpası ilə bağlı tapşırıq verildi. Mehriban xanım möhkəm tapşırıq vermişdi ki, məscidi yüksək səviyyədə təmir etsinlər. Şükür Allaha ki, bütün işlər qaydasındadır. Sağ olsunlar.
- Birinci vitse-prezidentlə görüşünüzdə nədən danışdınız?
- Mehriban xanım soruşdu ki, nə təhərdir? Xoşunuza gəldimi? Biz ona minnətdarlığımızı bildirdik. Başqa nə deyə bilərdik? Həqiqətən də məscidimiz gözəldən də gözəl təmir olundu, ikinci dəfə həyata qayıtdı. Bir daha sizin vasitənizlə Mehriban xanıma minnətdarlığımızı bildiririk. Bütün dindarlar adından təşəkkür edirik. Sağ olsun!
- Mehriban Əliyevanın məscidin açılışında şəxsən iştirak edəcəyini bilirdiniz, yoxsa sizinçün sürpriz oldu?
- Mehriban xanımın gəlişi bizimçün sürpriz oldu. Həqiqətən sürpriz oldu. Zəng etdilər ki, məscid açılır, gəlin!
- Belə görünür ki, məscidin tarixiliyinə, ilkin görünüşünə toxunulmayıb.
- Elədir. Məscid tarixi görünüşünə, əvvəlki vəziyyətinə qaytarılıb. Bəzi hissələri uçub-dağılmışdı, tarixi görünüşü itmişdi, amma artıq öz ilkin vəziyyətinə qayıtdı.
- Təmirdən sonra ilk namazı kim qıldı?
- Özümüz qıldıq. Mən qılmışam.
- Maraqlıdır, ilk dualarınız necə oldu?
- Dua etdim ki, bizi arzumuza çatdıran o insanı - Mehriban xanımı - Allah bütün arzularına çatdırsın, cansağlığı, uzun ömür versin! Həmçinin xalqımızla, vətənimizlə, Qarabağımızla bağlı dualar etdik. Bunlar bizim ümdə arzularımızdır. Qarabağ bizim yaralı yerimizdir. Tezliklə bu yaranın sağalmasını arzu etdik. Yeri gəlmişkən, mən sizə də təşəkkür edirəm. O zaman çox zəhmət çəkdiniz, məscidin təmirsiz halını çəkib camaata göstərdiniz. Çox sağ olun.
- Bu, bizim işimizdir, Hacı. Siz gün ərzində məsciddə olursunuz, eləmi?
- Demək olar ki. Səhər 11-dən 2-dək, bir də 3-dən sonra axşam namazına qədər məsciddə oluram.
- Hacı, Mehriban xanımla görüşmüşkən hansısa siyasi istək və arzunuzu çatdırmadınız ki?
- Xeyr, bu barədə söhbətimiz olmadı.
- Hesab etmək olarmı ki, artıq sizin siyasi istəkləriniz yoxdur? Məsələn, qarşıdakı parlament seçkilərində iştirak etmək istərdinizmi?
- Gələcəyin işidir. Hələ o barədə fikirləşmirik.
- Yaşınıza görə, yoxsa...
- Yox, yaş məsələsi deyil. (Qeyd edək ki, Hacı Əbdülün 78 yaşı var - E.P.) Nə yaşımız var ki? (gülürük).
- Əslində doğru deyirsiniz. Sizin sonbeşiyinizin hələ 1 yaşı var...
- 1 yox, 7 aylıqdır (ürəkdən gülür).
- Allah saxlasın! Hacı, güləş yarışlarına qatılırsınız?
- Hazırlaşıram. Allah qoysa, sərbəst güləş üzrə növbəti yarışlarda iştirak edəcəyəm. Lakin hələ dəqiq bilinmir hansı ölkədə olacaq. Mən həmişə hazıram.
- Orada neçə yaşlı idmançılar xalça üzərinə çıxacaq?
- 35-dən yuxarı. Yaş fərqi yoxdur.
- Bəs harada məşq edirsiniz?
- Mənim özümün şəxsi idman zalım var. Böyük zaldır. Yığışıb fiziki məşq edirik.
- Məşqçiniz kimdir?
- Özüm.
- Yenə Sumqayıtda yaşayırsınız?
- "Nasosnu"da (Hacı Zeynalabdin Tağıyev qəsəbəsi - E.P.)
- Bəs nə əcəb bu vaxtacan Bakıda ev almaq istəməyibsiniz?
- Qismət olsa, alaram. Amma Bakıda ata-baba mülkümüz var.
- Hacı, təmirdən sonra da məsciddə tövbə mərasimləri olacaqmı?
- Əlbəttə. Bizim elə ilkin məqsədimiz budur ki, gənclər arasında narkomaniyaya son qoyulsun. Əsas işimiz odur ki, onları pis yollardan, pis vərdişlərdən çəkindirək.
- İndiyədək nə qədər adamı pis vərdişlərdən uzaqlaşdırıbsınız?
- Allaha and olsun ki, sayını bilmirəm. Minlərlə!
- Tövbəsini pozanlar da olur yəqin.
- Olanda olur. Yenidən tövbəyə qayıdan da olur.
- Hacı, sizin məşhur şallağınız var, tövbəsini pozanları cəzalandırmaq üçün. Təmirdən sonra o da olduğu kimi qalacaq, yoxsa...
- O, yerində qalmalıdır. Onsuz olmaz (gülür).
Elşad PAŞASOY,