Eldar Mahmudovun quldurları azadlığa çıxdılar
Ötən gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilənlərdən A.Şirəliyevin cəza müddəti başa çatıb. Lakin o, azadlığa buraxılmayıb. A.Şirəliyev bildirib ki, həbsxana rəhbərliyi bu məsələnin məhkəmədə həll olunacağını deyib. Hakim isə onun həbsxanadan azadlığa buraxılacağını bildirib.
Daha sonra hakim qeyd edib ki, təqsirləndirilən E.Əliyev apellyasiya şikayətindən imtina edib: "Çünki o, apellyasiya şikayətində şərti cəza verilməsini istəyib. Dünən o, cəza müddəti başa çatdığından azadlığa çıxıb".
Şərti cəza alanlardan yalnız F.Atayev apellyasiya şikayəti verib.
Məhkəmədə vəkil Kamandar Nəsibovun prosesə buraxılıb-buraxılmaması müzakirə edilib.
Məlum olub ki, o, "MTN işi" ilə bağlı həm təqsirləndirilən Akif Çovdarovun vəkilidir, həm də bu işdə zərərçəkən Cəmşid Novruzovun nümayəndəsidir.
Hakim bildirib ki, bu məsələyə hazırlıq iclasının qərarında münasibət bildiriləcək.
Prosesdə təqsirləndirilən və zərərçəkmişlərlə yanaşı, iclasa aidiyyəti olmayan, ancaq əmlakı müsadirə olunmuş bir sıra şəxslər də apellyasiya şikayəti veriblər.
S.Qurbanovun vəkili Adil İsmayılov vəsatət vərərək apellyasiya şikayətinin qismən istintaq yolu ilə aparılmasını istəyib.
T.Quliyevin vəkili vəsatət verərək Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun məhkəməyə çağırılaraq dindirilməsini istəyib.
Təqsirləndirilən MTN polkovniki F.Əliyev bütün qohumlarına məxsus əmlakların müsadirə olunmasından şikayətlənib.
Vəsatətlər təmin edilməyib.
Məhkəmənin növbəti iclası oktyabrın 29-na təyin edilib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Digər təqsirləndirilənlər Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayevə 3 il, Elşad Əzizova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.
Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb. N.Mirvətova və MTN-nin zabiti, polkovnik Füzuli Əliyev apellyasiya şikayəti versələr də, sonradan onlar şikayətlərini geri götürüblər.