AXC qurucularından sayılan Xosrov bəy Sultanov...
Barəsində söz açılan şəxs Azərbaycan Xalq Cümhuriyyətinin tarixində silinməyən bir iz qoymuş şəxsiyyətdir. Həmin tarixi qəhrəmanımızın adı Sultanov Xosrov bəy Paşa bəy oğludur. O, Azərbaycanın ilk Hərbi naziri, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü, Qarabağın general-qubernatoru olub.
Qısada olsa görkəmli dövlət xadimin həyat yoluna nəzər salaq.
Sultanov Xosrov bəy Paşa bəy oğlu 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kürdhacı (Qasımuşağı obasında) kəndində (indiki Laçın rayonu) dünyaya göz açıb. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza edən 26 nəfərdən biridir. Xalq Cümhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökuməti kabinetində Xosrov bəy Hərbi Nazir postunu tutub. Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olub. 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunub. Daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa erməni zülmündən qurtulub.
1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda, daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmış, 1947-ci ildə vəfat etmişdir.
Xosrov bəy Sultanovun hər zaman öz xalqının azadlığı, ərazi-bütövlüyü uğrunda mübarizə aparan insanlardan olub. O, qəhrəmanlıqları dillərdə əzbər olmuş, Zəngəzurda erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşmuş, xalq arasında «laçınlı Sultan bəy» kimi çağırılan məşhur Sultan bəy Sultanovun kiçik qardaşıdır. Hər iki qardaşın Azərbaycan Xalq Cümhuriyyətinin qorunması yolunda müstəsna xidmətləri var. Bu qardaşlar ümumi işin xeyrinə hətta illərlə qan düşməni olduqları bəylərin ayağına gedərək, onları bütün gücləri birləşdirməyə, birgə mübarizəyə səsləyiblər.
Xosrov bəy Qarabağa general-qubernator təyin olunanda Cümhuriyyət üçün çox ağır dövrlər idi. Qarabağda erməni silahlı qüvvələri at oynadırdılar, quldur Dronun dəstələri Əsgəran qalasını tutmuşdu, Şuşanın ermənilər yaşayan hissəsi Azərbaycan hakimiyyətini qəbul etmirdi. Əslində, belə qarışıq dövrdə Qarabağa elə bir adam göndərilməliydi ki, orada həm nizam-intizam yarada bilsin, həm də erməni məsələsiylə bağlı gənc cümhuriyyətə təzyiqlər göstərən xarici qüvvələri razı salsın.
O, 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunduğu ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır.
1920-ci ildə Qızıl ordunun Azərbaycana daxil olduğu xəbərini eşidən Xosrov bəy Sultanov özünü Qarabağ İnqilabi Komitəsinin sədri elan edir və Sovet ordusunun gəlişini gözlədiyini Nəriman Nərimanova deyir. Nəriman Nərimanov isə onun yerinə Dadaş Bünyadzadəni təyin edir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Xosrov bəy yenə harada olmağından asılı olmayaraq, Azərbaycan üçün böyük xidmət göstərmişdir. Onun 1923-cü ildən etibarən mühacirət dövrü başlayıb. O, əvvəlcə Türkiyədə, İranda, sonra Fransa və Almaniyada yaşayıb. O, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışıb. 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşıb və 1947-ci ildə vəfat edib.
Çox illər keçəcək, amma xalqımız heç zaman Xosrov bəy Sultanov adını və onun xidmətlərini unutmayacaq. Hər zaman qəlblərində yaşadacaqlar.