Bu MMC yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur
Dövlət Gömrük Komitəsinin (DGK) “Azterminalkompleks” Birliyi nəqliyyat vasitələri və texnikaların cari təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Azia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi “SK Servis” MMC seçilib. Bununla da şirkətin 2026-cı ildə qalib gəldiyi tenderlərin sayı dördə çatıb.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata əsasən, “Azterminalkompleks” Birliyi nəqliyyat vasitələri və texnikaların cari təmiri, o cümlədən sürtkü yağlarının alınması üçün şirkətlə 1 295 314,91 manat məbləğində müqavilə bağlayıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “SK Servis” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 1B, mənzil 121-dir. Qanuni təmsilçisi Arifli Saleh Arif oğludur.
Açıq mənbələrdə şirkətin fəaliyyəti, maddi-texniki bazası və ya qanuni təmsilçisi barədə əlavə məlumat mövcud deyil.
Buna baxmayaraq, “SK Servis” MMC dövlət satınalmalarında mütəmadi olaraq iri məbləğli sifarişlərin qalibi olur.
Araşdırmalarımıza əsasən, şirkət 2025-ci ildən indiyədək səkkiz tenderin qalibi seçilib. Tenderlər əsasən nəqliyyat vasitələrinin təmiri, ehtiyat hissələrinin alınması, avtomobillərə texniki xidmət və digər oxşar satınalma predmetlərini əhatə edib. Bu müqavilələrin ümumi dəyəri 7 321 813,85 manat təşkil edir.
Şirkət haqqında açıq məlumatların məhdud olması, eləcə də onun maddi-texniki imkanları barədə məlumatın olmaması iri həcmli dövlət sifarişlərini hansı əsaslarla qazanması ilə bağlı suallar yaradır.
Məsələ ilə bağlı “SK Servis” MMC-dən mövqe öyrənmək cəhdimiz nəticəsiz qalıb. Şirkətin açıq mənbələrdə əlaqə telefonu və ya rəsmi internet səhifəsi müəyyən edilməyib.