azia.az
azia.az

Demirörenin "Azərlotereya"sında nə baş verir? - Gecikən hesabat, milyonluq itkilər və fəaliyyəti dayandırılan HİK

Bu gün, 08:02

32gun.az xəbər portalında “Azərlotereya” ASC-nin 2024-cü ildən sonra maliyyə hesabatını təqdim etməməsi barədə məlumat dərc etmişdik. Yazımızdan sonra qurum hərəkətə keçərək nəhayət 2025-ci il üzrə maliyyə göstəricilərini rəsmi saytında yerləşdirmək qərarına gəlib. 

Görünür, tənqidi xəbərimiz "Azərlotereya"nın unutduğu öhdəliyini xatırlamağa birbaşa təkan olub.

"32gun.az" 2025-ci ilin maliyyə hesabatı ilə bağlı mənfəətdən əlavə digər real göstəriciləri təqdim edir: 

 “Azərlotereya” ASC ötən ili böyük mənfəətlə qapatsa da, rəsmi hesabatda şirkətin qarşılaşdığı konkret zərərlər və yüksək xərc maddələri də yer alıb. İlk növbədə, şirkətin birbaşa zərər kimi qeyd etdiyi maliyyə itkiləri diqqət çəkir. Qurum il ərzində sıradan çıxan əmlak və avadanlıqların balansdan silinməsi səbəbindən 51,707 AZN xalis itki ilə üzləşib. Bununla yanaşı, tərəfdaşların vaxtında ödəyə bilmədiyi və geri qaytarılması qeyri-müəyyən olan debitor borcların dəyərsizləşməsi də şirkətə əlavə olaraq 172,457 AZN birbaşa zərər vurub.


Digər tərəfdən, hesabatda şirkətin ümumi mənfəəti azaldan irihəcmli xərc istiqamətləri əks olunub. Satış şəbəkəsinin saxlanılması, distribusiya və çap işləri üçün il ərzində 94,812,734 AZN vəsait sərf edilib. Texnoloji infrastruktur və İT sistemlərinin dəstəklənməsi xərcləri isə 21,638,343 AZN təşkil edib. Ən böyük maliyyə yükü isə dövlət büdcəsinə ödənilən sadələşdirilmiş vergidə qeydə alınıb. Bu vergi öhdəliyi əvvəlki illə müqayisədə artaraq 83,533,908 AZN-ə yüksəlib.

Şirkətin maliyyə əməliyyatlarından və faizlərdən əldə etdiyi xalis gəlir sahəsində də geriləmə var. Bu istiqamətdən gələn qazanc əvvəlki illə müqayisədə 73,215 AZN azalaraq 1,040,547 AZN-ə düşüb. Yekun olaraq, gəlirlərin artması ümumi balansı müsbətdə saxlasa da, həm vergi yükünün artması, həm də birbaşa əməliyyat xərcləri şirkətin xalis mənfəət potensialını məhdudlaşdırıb.

32gun.az-ın araşdırması zamanı "Azərlotereya" ASC ilə bağlı daha bir məlumat üzə çıxıb. 

Əldə etdiyimiz məlumata görə, "Azərlotereya" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti rəsmən dayandırılıb. Dövlət Vergi Xidmətinin açıq mənbəsində yer alan məlumatlara əsasən, komitənin vergi statusu "Passiv" olaraq dəyişdirilib. Bu dəyişiklik qurumun öz müraciəti ilə fəaliyyətini dondurduğunu və bütün maliyyə əməliyyatlarını dayandırdığını göstərir. Ana şirkət aktiv qalsa da, komitənin hazırda işçilərdən üzvlük haqqı toplamaq və ya hüquqi qərarlar qəbul etmək səlahiyyəti yoxdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi